“İRS” jurnalının italyan dilində növbəti sayı nəşr olunub
“İRS” jurnalının italyan dilində versiyasının - “İRS-Patrimonio”nun 13-cü nömrəsi işıq üzü görüb.
Nəşrdə jurnalist Barbara Kassaninin Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə bu ölkədə keçirilən tədbirlərdən bəhs edən yazısı, Roma Sapienza Universitetinin tədqiqatçısı Daniel Pommier Vinçellinin Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş “Demokratiya və aypara: müsəlman dünyasında ilk parlament demokratiyası təcrübəsi 1918-ci ildə Azərbaycanda” məqaləsi, tarixçi Domeniko Letisianın “Azərbaycan: öyrənilməsi vacib olan multikultural laboratoriya” adlı məqaləsi və başqa yazılar yer alıb.
“İdman, turizm və mədəniyyət - “Azərbaycan effekti” adlı məqalədə arxitektor və jurnalist Marko İakonetti ölkəmizin turizm potensialı, Bakı şəhərinin gözəlliyi, memarlıq nümunələri, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq mədəniyyət və idman tədbirləri, “Ekspo 2025”ə Bakı şəhərinin namizədliyinin irəli sürülməsi barədə söz açır.
“Azərbaycana italyan baxışı” adlı fotoreportajın müəllifi italiyalı fotomüxbir Françesko Neridir. Jurnalda yer almış fotoreportaja onun Azərbaycana səfəri vaxtı çəkdiyi fotolar daxil edilib.