“Azərbaycan Xalça Muzeyinin memarlıq üslubu o qədər möhtəşəmdir ki, bunu ifadə edəcək söz tapa bilmirəm”
Xarici ölkələrə səyahət edən əksər insanların görmək istədiyi məkanlar sırasında həmin ölkənin məşhur muzeyləri mühüm yer tutur. Tarixi, maddi və mənəvi dəyərlərin saxlandığı, qorunduğu, öyrənildiyi bu müəssisələr turistlərdə bir çox cəhətdən maraq doğurur. Ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış muzeylərə xüsusi maraq var.
Ankara Vəqflər Baş Direktorluğunun Muzeylər üzrə şöbəsinin müdiri Suzan Bayraqdaroğlu ilə söhbətimiz də bu barədədir.
- Suzan xanım, siz xalça və kilim sənəti üzrə mütəxəssissiniz və özünüz də vəqflərə bağlı muzeylər bölümünə rəhbərlik edirsiniz. Bu sahədə bir mütəxəssis olmağınız muzeylər üçün hansı baxımdan faydalıdır?
- Mən sənət tarixçisiyəm. Ankara Universitetinin Dil-tarix və coğrafiya fakültəsinin sənət tarixi bölümünü bitirmişəm. O zamanlar Vəqflər Baş Direktorluğuna xalça sənəti üzrə mütəxəssis axtarırdılar. Mən də 1983-cü ildən həyatımı bu işə bağladım. Bu sahə bizim qurumda önəmli bir bölümü təşkil edir. Bizim sahib olduğumuz minlərlə xalça var. Çünki qədim dönəmlərdə inşa edilən tarixi məscidlər vəqflərə aiddir. İnsanlar bu məscidlərə xalçalar bağışlayırlar. Vəqflər bu əsərlərə görə məsuliyyət daşıyır. Buna görə də həmin xalçaların qiymətləndirilməsi, öyrənilməsi üçün mənim kimi mütəxəssislərə vəqflərdə ehtiyac var.
İşə qəbul olunduğum ilk gündən bütün məscidləri gəzdim, xalçaları seçib ayırdıq. 1998-ci ildə qurumda əldə etdiyimiz bütün əsərlərin daimi sərgisini qurduq. Sonra da muzeylər bölməsi quruldu və mən də bu bölmənin müdiri oldum. Muzeydə sərgilənən əsərlərin sayı getdikcə artmağa başladı və nəticədə Ankarada ayrıca muzey quraraq onları orada yerləşdirdik. 2004-cü ildə Muzeylər müdirliyi adlı şöbə quruldu və məni ora rəhbər təyin etdilər.
- Fəaliyyət sahənizə nə qədər muzey daxildir və onlarla iş prinsipləri necə qurulur?
- Hazırda 11 muzeyimiz var. Onların dördü daha əvvəlki zamanlarda İstanbulda qurulub. Hər biri öz sahəsində əsər sərgiləyən xüsusi ixtisas muzeyləridir. Sizə bir misal deyim, məsələn, bərpa işi aparılan zaman bəzi memarlıq hissələri əsərdən qopur. Heç də hər zaman onu bərpa etmək mümkün olmur. Vəqflər o hissələri depolarda toplayıblar. Bu parçalar başqa restavrasiya işlərində bir qaynaq, mənbə təşkil edə bilər düşüncəsi ilə muzey qurulur. Bu məqsədlə 1967-ci ildə İstanbulda Türk İnşaat və Sənət Əsərləri Muzeyi təşkil edilib. Bundan başqa, xeyli sayda əlyazmalarımız da var. Bunlar bizə məscidlərdən, kitabxanalardan gəlir və sayı çox olduğuna görə Yazı Sənətləri Muzeyi quruldu. 1979-cu ildə İstanbulda Xalça Muzeyi, 1982-ci ildə Kilim və Düz Toxuma Səccadələr (namaz qılanda istifadə edilən kiçik xalça - M.S.) Muzeyi quruldu. Yuxarıda saydığım muzeylər açıldıqdan sonra vəqflərin depoları yenə də tarixi əsərlərlə dolmağa başladı. 1983-cü ildə topladığımız xalçalardan Ankaradakı muzeyi təşkil etdik. Eyni zamanda Vəqflər Baş Direktorluğu Muzeylər Müdirliyi olaraq Konya, Tokat, Kastamonu, Qaziantep, Ədirnədə yeni muzeylər qurduq.
- Sizin muzeyləri başqa muzeylərdən fərqli edən əsas amil nədir?
- Ən mühüm amil muzeylərdə sərgilənən əsərlərin hər birinin zamanında məscidlərə aid əsərlər olmasıdır. Xalçalardan başqa bu sıraya qəndillər, şamdanlar və s. daxildir. Digər fərqləndirici amil həm də ondan ibarətdir ki, biz bu əşyalara, əsərlərə pul ödəyərək almırıq. Onları bizə bağışlayırlar və biz də hər birini mühafizə etmək məqsədilə qoruyuruq. Bundan başqa, bizə daxil olan bütün əsərlər haqqında ətraflı məlumat da yazırıq.
- Türkiyə həm də bir turizm ölkəsidir. Müxtəlif şəhərlərdəki muzeylərinizə yəqin ki, turistlər də maraq göstərirlər?
- Bizim muzeylərə giriş pulsuzdur. Tarixə, sənətə, mədəniyyətə xidmət edirik. Bu məkanlar bir toplumun tarixini əks etdirən yerlərdir. Muzeylərimizə gələn turist sayı həddindən çoxdur. Xüsusilə də xalça və əlyazmalara böyük maraq göstərirlər. Ankaradakı muzeyi çoxlu turist qrupları ziyarət edir. Pulsuz olduğunu eşidəndə daha çox təəccüblənirlər.
- Rəhbərlik etdiyiniz qurumun Azərbaycanla əlaqələri varmı?
- Uzun müddət idi ki, Bakıya getmək istəyirdim. 2017-ci ilin may ayında bu arzum reallaşdı. Azərbaycan Xalça Muzeyində “Türk dünyasının ortaq naxışları” adlı simpozium keçirilirdi. Mən Azərbaycan xalçaları ilə Anadolu xalçaları arasında ortaq zəmin və naxışlar haqqında məruzə oxudum. Yəni həm oxşar, həm də fərqli tərəfləri çoxdur. Xalça eramızdan əvvəl Orta Asiyada türklər tərəfindən icad edilib, İran və Azərbaycan üzərindən Anadoluya gəlib və bu minvalla da dünyaya yayılıb. Bakıya ikinci dəfə ötən ilin oktyabrında Azərbaycan xalçası üzrə V Beynəlxalq simpoziumla bağlı səfər etdim. Hər iki toplantı çox gözəl təşkil olunmuşdu.
- Azərbaycan Xalça Muzeyi ilə bağlı təəssüratınız necədir? Gələcəkdə qarşılıqlı işbirliyi qurmaq istərdinizmi?
- Azərbaycan Xalça Muzeyini çox bəyəndim. Binanın memarlıq üslubu o qədər möhtəşəmdir ki, bunu ifadə edəcək söz tapa bilmirəm. Laboratoriya və depoları dəfələrlə gəzdim. Çox gözəl xalça konservasiya sistemi var. Xalça təmizləndikdən sonra parçaya tikilir. Muzeydə çalışan işçilər də peşəkardır. Hədiyyəlik əşyaların satış bölümü də çox möhtəşəmdir. Üzərində muzeydəki naxışların əks olunduğu əşyalar satılırdı. Sərgi bölümü xüsusilə xoşuma gəldi. Yəni hər bir şey müasir dünya standartlarına uyğun qurulub.
Azərbaycan Xalça Muzeyinin rəhbərliyi istəyir ki, Türkiyə muzeylərində olan bütün Qafqaz xalçalarının sərgisini keçirsinlər. Bu sərgi İstanbulda və ya Bakıda ola bilər. İdeya var və reallaşarsa, gözəl olar.
Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində də oldum və çox bəyəndim. Tarix Muzeyini də ziyarət etmək imkanımız oldu. Qobustandakı qayaüstü rəsmlər, oradakı muzey heyrətamizdir. Anadoluda da buna bənzər yerlər var. Amma hələ tam ortaya çıxarılmayıb. İçərişəhər, Şirvanşahlar sarayı xatirələrimdə gözəl izlər buraxdı. Yeməkləriniz isə şahanədir. Əslində, bu yeməklər anamın uşaqlıqda mənə hazırladığı yeməklərə bənzəyir. Təyyarədən enirsən, görürsən ki, hər kəs türkcə danışır. Deyirsən ki, bura mənim məmləkətimdir.
Mehparə Sultanova
Ankara