Martın 2-də Kinematoqrafçılar İttifaqında rejissor Aydın Dadaşovun iki yeni sənədli filmi təqdim olundu. 
   “Nostalgiya” adlı film Xalq artisti, rejissor Cənnət Səlimovanın həyat və yaradıcılığından, “Sirk səmasının günəşi” filmi isə qocaman sirk ustası Şəfiqə Baxşəliyevanın həyat yolundan bəhs edir.
   Rejissor hər iki kinolentin sənətkarları yaşatmaq və onlar haqqında gələcək nəslə məlumat çatdırmaq məqsədi daşıdığını söylədi. Filmdə qəhrəmanların öz dillərində həyat hekayələri danışılır. Təqdimatda iştirak edən Cənnət Səlimova 70 illik həyatını və sənət dünyasını sənədli film formasında ərsəyə gətirənlərə öz təşəkkürünü bildirdi.
   Təqdimatda Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadə və tanınmış kino xadimləri də iştirak edirdilər.