Azərbaycanın yeni tarixinin hüznlü və eyni zamanda qürur doğuran səhifəsi olan 20 Yanvardan 28 il ötür. Milli qürur və azadlığımıza aparan günün ildönümündə Azərbaycan xalqı Şəhidlər xiyabanına gələrək öz qəhrəmanlarına minnətdarlıq borcunu ödəyəcək...
   Hüzn günü öncəsi, hər il olduğu kimi, Şəhidlər xiyabanında hazırlıq işləri görülür. 
   Xiyabanın giriş hissəsində həmin tarixi günün rəmzinə çevrilən qərənfillərdən müxtəlif kompozisiyalar qurulub. Hazırlıq işlərinə könüllü olaraq şəhər sakinləri də qoşulub. Saleh Məhərrəmov burada çalışan könüllülərdən biridir: “Bu mənəvi borcu şəhidlərimiz üçün yerinə yetirmək lazımdır. Onlar ölkəmizin azadlığı uğrunda canlarından keçiblər. 20 Yanvar şəhidləri müstəqilliyimizin şahidləridir. Allah onlara rəhmət eləsin”.
   Anım tədbirləri üçün hazırlıq işləri yanvarın 19-da yekunlaşacaq. Şəhər sakinləri və qonaqlar, xüsusilə paytaxt məktəbliləri isə bir neçə gün öncədən Şəhidlər xiyabanına gələrək Vətən yolunda canlarından keçən qəhrəmanlarımızı yad edir, məzarları önünə qərənfillər düzürlər. Şagirdləri müşayiət edən müəllimlər müasir tariximizin bu qanlı və şanlı səhifəsi haqqında onlara məlumat verir, müstəqilliyimizə gedən yolun heç də hamar olmadığını diqqətə çatdırırlar. 
   Paytaxt məktəblərinin birində çalışan müəllimə Gülnaz Həsənova deyir ki, hər il şagirdlərimizi bu müqəddəs məkana gətiririk. 20 Yanvar hadisələrinin mahiyyəti şagirdlərə izah edilir: “Məqsədimiz odur ki, uşaqlarımız tariximizi unutmasınlar. Bilsinlər ki, 20 Yanvar şəhidləri ölkəmizin bugünkü azadlığı yolunda canlarını qurban veriblər”. 
   Məktəblilərin bir neçəsinin düşüncələrini öyrənirik. 215 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Hüseyn Hüseynzadə deyir ki, biz hər zaman 20 Yanvar şəhidlərini yad etməyi özümüzə borc bilirik: “Hər il 20 Yanvar yaxınlaşanda biz bura gəlirik. Bu faciə 1990-cı ilin 20 yanvar tarixində Sovet Ordusu tərəfindən törədilib. Onlar Azərbaycanın müstəqillik ideyalarını boğmaq istəyirdilər. Biz heç vaxt şəhidlərimizi unutmuruq və unutdurmayacağıq”.
   Suğra İsmayılova da şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulmasını, daim yad olunmasını istəyir: “Məktəbdə şəhidlərimiz haqqında öyrənirik. Onların xatirəsi bizim üçün həmişə əzizdir”.
   Reyhan Vəkilova müstəqil Azərbaycanın qurulmasına görə şəhidlərimizə borclu olduğumuzu bildirir: “Bu gün bizim müstəqil Azərbaycanın vətəndaşı kimi yaşamağımıza görə şəhidlərimizə minnətdarıq. 28 il öncə ölkəmizin azadlığını istəyən qəhrəman vətəndaşlarımıza qarşı qanlı cinayət törədilib”.
   Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq olunub. Sənədə əsasən, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvara həsr olunmuş müxtəlif tədbirlər təşkil edilir. Vətən qəhrəman övladlarını heç vaxt unutmayacaq.
   Allah bütün şəhidlərimizə rəhmət eləsin.
   
   Fariz Hüseynov