L. və M.Rostropoviçlərin ev-muzeyində keçirilən anım mərasimini direktor Şeyla Heydərova açaraq 20 Yanvarın tariximizdəki yerindən danışıb, müstəqilliyimiz naminə canlarını qurban vermiş şəhidlərin xatirəsini yad edib.
O daha sonra maestro Mstislav Rostropoviçin insan haqları uğrunda mübarizəsindən, Azərbaycana səfərlərindən, ölkəmizin üzləşdiyi problemlərə daim diqqət göstərməsindən, qaçqın düşərgəsində yurd-yuvasını itirmiş insanlarla görüşündən, M.Rostropoviç Xeyriyyə Fondunun Azərbaycanda fəaliyyətindən bəhs edib.
Tədbirdə Əməkdar incəsənət xadimi L.Səfərovanın M.Rostropoviçin qaçqınlarla görüşündən bəhs edən “Mərhəmət” filmi nümayiş olunub. Bülbül adına Orta ixtisas musiqi məktəbinin şagirdləri şəhidlərin xatirəsinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.