Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) İcraiyyə Şurasında sədrliyin 2018-ci ildə Argentinaya keçməsi ilə əlaqədar təşkilatın Madriddəki mənzil-qərargahında təntənəli mərasim təşkil olunub.
Mərasimdə çıxış edən Azərbaycanın İspaniyadakı səfiri, ölkəmizin Dünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov respublikamızda turizmin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib, bu baxımdan ölkəmizin 2017-ci ildə İcraiyyə Şurasına uğurla sədrlik etdiyini bildirib.
Argentinanın cari ildə qurumda sədrliyinin turizmin inkişafına töhfəsini verəcəyinə əminliyini ifadə edən Anar Məhərrəmov bu əlamətdar hadisə ilə bağlı təsis edilmiş rəmzi lövhəni Argentinanın turizm naziri Gustavo Santosa təqdim edib.
Diplomat 2017-ci ildə Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının sədri olan Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin səmimi salamlarını və təbriklərini Gustavo Santosa çatdırıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.