Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyindən təəssürat
Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı Azərbaycan tarixinə xalqının maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə həkk olunub. Dövrünün ən tanınmış şəxsiyyətlərindən biri olsa da, təvəllüd tarixi faktiki olaraq naməlumdur, yəni nə ili, nə günü dəqiq bəllidir. Bir sıra mənbələrdə yanvar ayında dünyaya gəldiyi bildirilir, doğum ili isə 1823 də göstərilir, 1838 də. Amma bu illərin hansı birini götürsək, bu il Tağıyevin yubileyi (195 və ya 180 illiyi) sayılır. Biz də bu vəsilə ilə məşhur neftxudanın indi muzey olan evinə baş çəkdik...
Tarixlə bağlı muzeyləri ziyarət edəndə tamamilə ayrı havaya düşür, özünü sanki illərin, əsrlərin o tayında hiss edirsən. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi isə mənim aləmimdə ölkəmizin zəngin tarixi-mədəni keçmişi ilə maraqlanan hər kəs üçün heyrətamiz məkandır. Qeyd etdiyim kimi, muzeyin yerləşdiyi bina Hacı Zeynalabdin Tağıyevin və ailəsinin yaşayış evi olub. Bakı şəhərinin baş memarı olmuş İosif Vikentyeviç Qoslavskinin (1865-1904) layihəsi əsasında inşa edilən “Tağıyev sarayı” paytaxtımızın ən gözəl binalarından biridir.
Binaya daxil oluruq. Bələdçi xanım bizə yaxınlaşaraq özünü təqdim edir: Qənirə Qafarlı. İkinci mərtəbəyə qalxırıq. Qənirə xanım muzey haqqında bilgi verir. Bildirir ki, 1920-ci ildə yaradılan muzeyin fəaliyyət göstərdiyi bina 1896-cı ildə inşa edilib.
Prezident İlham Əliyevin tapşırığı ilə əsaslı təmir-bərpadan sonra 2007-ci ilin 29 dekabrında açılışı keçirilən bu məkanda məşhur xeyriyyəçinin xatirəsini əbədiləşdirmək məqsədilə Tağıyevin 9 otaqdan ibarət xatirə muzeyi yaradılıb.
Xatirə muzeyindəki otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa ediblər. Muzeydə onun iş kabineti, Şərq zalı, kitabxana, bilyard otağı, yemək otağı, məlumat otağı, Sona xanım Tağıyevanın bəzək otağı, yataq otağı, təmizlik otağı yer alıb.
Böyük xidmətlər qarşılığında sifariş verilən portret
Xatirə muzeyinin ekspozisiyası milli mesenatın iş kabinetindən başlayır. Kabinet özünün sadə gözəlliyi ilə seçilir. Divarları qırmızı ağacdan düzəldilmiş panellərlə və naxışlı tünd-yaşıl divar kağızı ilə bəzədilib. Burada Hacının kitab şkafı, yazı stolu, kreslo, stul və dolabla yanaşı köhnə ailəvi fotoalbom əsasında hazırlanmış digər əşyalar da var. Kitab şkafında Rusiya imperiyasının qanunlar toplusu, məlumat kitabları, ensiklopediyalar saxlanılır.
Öyrənirik ki, səhərlər kabinetdə Hacının köməkçiləri yerli, Rusiya, Avropa, eləcə də Şərq ölkələrində çıxan qəzetlərdən onu maraqlandıran məqalələri oxuyar və dünyada baş verən hadisələrdən xəbərdar edərmişlər. Yazı stolunun arxasındakı divarda Tağıyevin öz şəkil kolleksiyasından İran hökmdarları Nadir şah Əfşar və Fətəli şah Qacarın, solda isə Rusiya imperatoru II Nikolay və xanımı Aleksandra Fyodorovnanın portretləri asılıb. Kabinetin pəncərələri ilə üzbəüz divarda isə rəssam Ayvazovskinin “Dənizdə fırtına” əsəri asılıb. Hacının İran şahı Müzəffərəddinlə görüşünü əks etdirən portret də ev sahibinin yaşadığı günlərdə olduğu kimi əvvəlki yerində qərar tutub.
Qarşımızda Tağıyevin bir portreti qoyulub. Əsərin maraqlı tarixçəsi var. Bakıda orta texniki məktəbin binasının tikilməsində göstərdiyi xidmətlərə, maddi yardıma görə Bakı Şəhər Duması onun portretinin sifariş edilməsi barədə qərar verib. Əsər 1912-ci ildə görkəmli rəssam İ.Brodski tərəfindən çəkilib. Burada Tağıyevin təltif edildiyi bütün medal və ordenlər əks olunub. Onların arasında Rusiyanın “Müqəddəs Stanislav” ordeni, “Səyinə görə” üç qızıl medal, İranın “Şiri-xurşid” ordeni, Buxara “Qızıl ulduz”u vardır.
Qızılla yazılmış ayələr
İş kabinetindən Şərq zalına keçirik. Sarayın iki ən böyük zalından biri olan Şərq zalı gözəlliyi və möhtəşəmliyi ilə diqqət çəkir. Burada rəsmi qəbullar, müşavirələr və təntənəli mərasimlər keçirilib. Qapıları qoz, fıstıq, armud ağaclarından hazırlanmış zal xüsusi zövqlə bəzədilib. Burada şəbəkəli stol və stullar, royal, kreslolar və s. qoyulub. Zalın tavanına Qurandan ayələr həkk olunub.
Bələdçi deyir ki, bu yazı və bəzəklərə 9 kiloqram qızıl işlədilib. Nəhəng çilçıraq və güzgülərin üzərindəki bralar zalı işıqlandırmaqla bərabər, onun gözəlliyini daha da artırır. Pəncərələrin şüşələrində Tağıyevin ərəb hərfləri ilə adı və soyadı yazılıb. Zalın müxtəlif hissələrində rast gəlinən və müsəlman memarlığında geniş işlədilən altıguşəli ulduz Süleyman peyğəmbərin üzüyünün qaşı formasındadır. İnanca görə, o, insanı pis nəzərlərdən qoruyur.
Tağıyev ölkəmizdə nəşriyyat sahəsinin inkişafına töhfələr verib
Sütunlu tağların altından keçərək Hacının kitabxanasına daxil olduq. Qənirə xanım bildirir ki, ölkəmizdə maarifçiliyin tərəqqisi üçün böyük səy və xidmətlər göstərən Tağıyevin vəsaiti hesabına görkəmli yazıçı və şairlərin, tarixçilərin əsərləri çap olunub. O, “Kaspi” qəzetini almış və onun sahibi olmuşdu. Quran Azərbaycan dilində ilk dəfə həmin qəzetin nəşriyyatında çap edilib. Azərbaycanda “Nəşri-maarif”, “Nicat” və başqa xeyriyyə cəmiyyətlərinin fəaliyyət göstərməsində onun böyük əməyi olub. Kitabxanada ağ rəngli, yumşaq, ipək oturacaqlı mebel dəsti, iki taxta stol, stul və kreslolar, kitab şkafları yerləşdirilib. Şkaflarda Rusiya imperiyasının qanunlar topluları saxlanılır. Buradakı xalça və pərdələr otağa xüsusi yaraşıq verir.
Tağıyev zəngin mənəvi aləmə malik olub. Onun böyük rəsm kolleksiyası varmış. Axşamlar musiqi zümzümə edərək Qərbi Avropa və rus rəssamlarının əsərlərinə baxıb zövq alarmış. Hətta Parisə səfəri zamanı Tağıyevi yalnız işgüzar heyət deyil, həm də muğam üçlüyü müşayiət edib. O, şöhrət naminə, yaxud əcnəbilərə təsirli imic yaratmaq üçün deyil, məhz mənəvi tələbat baxımından Avropa səfərinə özü ilə musiqiçilər dəstəsi götürərmiş. Muğamı qəlbən duyması, dəyərləndirməsi, onun qarşısında hər müğənninin oxumağa cürət etməməyi Hacının təkcə kamil muğam biliciliyindən deyil, nəcib mənəviyyatından, ümumən daxili estetik potensialından xəbər verib.
* * *
Yemək otağının divarlarına çəkilən məxməri ipək parça göz oxşayır. Ortada uzun düzbucaqlı masa və ətrafına oturacağı məxmərdən olan stullar qoyulub. Şkaflarda Tağıyevin Fransadan gətirdiyi xörək dəsti, gümüş bıçaqlar, büllur qədəhlər qoyulub.
Otaqda həmçinin qoz ağacından düzəldilən, gözəl ornamentli böyük bufet də yer alıb. Bufetdən soldakı qapı ziyarətçiləri monitor olan otağa aparır. Hacının həyat və fəaliyyəti ilə maraqlananlar burada quraşdırılan monitordan ətraflı məlumat əldə edə bilirlər.
Sona xanımla xoşbəxt illər
İndi isə Tağıyevin həyat yoldaşı Sona xanıma məxsus kiçik qonaq otağındayıq. Məlum olduğu kimi görkəmli xeyriyyəçi iki dəfə ailə qurub. İkinci həyat yoldaşı Sona xanım general Balakişi bəy Ərəblinskinin qızı olub. Zeynəb xanımla birinci nikahdan onun üç övladı dünyaya gəlib. Sona xanımın Hacı ilə nikahı 1896-cı ildə bağlanıb. Aralarında xeyli yaş fərqinin olmasına baxmayaraq, onlar çox xoşbəxt olublar. Həmin nikahdan onların beş övladı doğulub.
Sona xanımın qonaq otağı gözəlliyi və orijinallığı ilə fərqlənir. Tavan fiqurlu və güzgülü lövhəciklərdən quraşdırılıb. Divarlar rəngarəng naxışlarla bəzədilib. Mərkəzdə orijinal dəyirmi divan yerləşir. Onun üstündə lampa üçün yer var. Burada həmçinin dördguşə naxışlı stollar, yumşaq kreslolar və stullar qoyulub. Yataq otağı iki hissədən ibarətdir. Onları bir-birindən şəbəkəli taxta arakəsmə ayırır. Birinci hissədə yuxarısı hündür, naxışlı ikiyataqlı çarpayı və dolab yerləşir. İkinci hissədə isə kiçik və dəyirmi stol, divan və kreslolar, gözəl hazırlanmış stullar, eləcə də otaq boyu xalça və pərdələr bu məkanın gözəlliyini daha da artırır.
Buxara əmirinin hədiyyəsi
Bələdçimiz ev-muzeyinin ekspozisiyasına yeni vitrin əlavə olunduğunu bildirdi. Qeyd etdi ki, vitrində Tağıyevə məxsus Quran qabı və dini kitablar nümayiş olunur. Gümüşdən hazırlanan Quran qabı sonra qızıl suyuna çəkilərək mina və qiymətli daşlarla bəzədilib. Şərq naxışları fonunda mərkəzi dəyirmi medalyonda mahir zərgərlər 7 iri və 6 kiçik yaqut daşı, 8 zümrüd daşı, ikinci medalyonda isə 8 iri, 6 kiçik yaqut, 6 zümrüd daşı yerləşdiriblər. Çəkisi 1850 qram olan qabın üzərində ərəb əlifbası ilə “Buxareyi şərif töhfə” (“Buxara hökmdarının hədiyyəsi”) yazısı və “1225” təqvim ili göstərilib. Vitrində həmçinin iki ədəd islam dəyərlərini izah edən “Kəşf-ül həqaiq” (“Həqiqətlərin kəşfi”) kitabları qoyulub...
* * *
Bu ziyarətimiz Hacı Zeynalabdin Tağıyev haqqında bilgilərimizi genişləndirməklə yanaşı, böyük xeyriyyəçinin mənəvi dünyasının zənginliyi ilə tanış olmağımıza şərait yaratdı. Oxucularımızın da bu maraqlı məkanı ən azı bir dəfə görmək arzusu ilə
Savalan Fərəcov