İlk milli operamız olan «Leyli və Məcnun»un 110 illik yubileyi yanvarın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında operanın növbəti nümayişi ilə qeyd olunub. 
   Yubiley münasibətilə nümayiş etdirilən tamaşada baş rolları Xalq artisti, 25 ildən bəri Məcnun partiyası ilə tamaşaçı rəğbəti qazanmış Mənsum İbrahimov və onun yetirməsi, gənc xanəndə Arzu Əliyeva ifa ediblər. 
   Digər rollarda Xalq artisti Sabir Əliyev, əməkdar artistlər Cahangir Qurbanov, Təyyar Bayramov, solistlər Afaq Ağayeva, Elnur Zeynalov, Aytən Məhərrəmova, Taleh Yəhyayev və başqaları səhnəyə çıxıb. Operanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edib. 
   Qeyd edək ki, nəinki Azərbaycanda, həm də bütün müsəlman Şərqində ilk opera sayılan Üzeyir Hacıbəylinin Məhəmməd Füzulinin eyniadlı poeması əsasında bəstələdiyi «Leyli və Məcnun» operası ilk dəfə tamaşaya qoyulduğu 1908-ci ildən bu yana opera səhnəmizin repertuarındadır. 
   
   G.Mirməmməd