Yanvarın 23-də Tehranda 11-ci Beynəlxalq turizm sərgisi açılıb. Sərgidə 300-dən çox yerli və xarici turizm şirkəti iştirak edir. Onların arasında Bakıya və Azərbaycanın bölgələrinə turizm səfərləri təşkil edən İran şirkətləri də var.
Şirkətlərin nümayəndələri AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, son illər ərzində İrandan Azərbaycana səfər etmək istəyənlərin sayı xeyli çoxalıb.
Azərbaycanda həm qış, həm də yay turizmi üçün münasib şərait var. Təbiətin də gözəlliyi səfərə gələnləri valeh edir.
“Aysan Pərvaz” şirkəti 2017-ci ilin təkcə fevral və mart aylarında 55 min turistin Azərbaycana səfərini təşkil edib. Cari ilin mart ayından başlayaraq şirkət İranın “Qeşm AİR” aviaşirkəti ilə də turist səfərlərini həyata keçirəcək. Azərbaycana səfər etmək istəyənlərin sayının çoxluğunu nəzərə alan iki şirkət razılığa gəlib ki, uçuşlar yalnız Tehrandan yox, eyni zamanda İsfahandan, Şirazdan, Məşhəddən, Təbriz və Urmiyadan da həyata keçirilsin.
“Aysan Pərvaz”ın təmsilçisi M.Dəsmalçı bildirib ki, Bakıya gələn turistlərin arzusuna müvafiq olaraq Qəbələ, Quba, Şamaxı və Şəkiyə də turlar təşkil edilir. Qış aylarında isə turistlərin sevimli yeri Şahdağ və Tufandağ dağ-xizək komplekslərdir.
Qarşıdan gələn Novruz bayramında Bakıya səfər etmək istəyənlər artıq sifarişlər veriblər. Bu dəfə 80 mindən çox iranlı turistin Azərbaycana səfər edəcəyi gözlənilir.
Sərgidə iştirak edən “Ulduz” turizm şirkəti də İrandan Azərbaycana turist səfərləri təşkil edir. Şirkətin nümayəndəsi Həmid Zahidi bildirib ki, ötən il 30 min turistin səfəri təşkil olunub. Bu sırada Bakı ilə yanaşı Naxçıvan, Nabran və başqa bölgələr də var. Onun sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Naxçıvanın 2018-ci il “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi maraqla qarşılanıb.
Göründüyü kimi, Azərbaycanda turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, yaradılan şərait, o cümlədən elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi kimi mühüm amillər cənub qonşumuzdan da turist axınında özünü göstərir. Eyni zamanda turistlər üçün əlavə dəyər vergisinin qaytarılması (tax-free) sisteminin tətbiqi və ötən ildən Azərbaycanda ticarət festivallarının (shopping festival) keçirilməsi ölkəmizə olan marağı artırır.