Kamil Cəlilov: “Musiqi insanın mənəvi aləminin zənginliyidir. İnsan bu zənginlikdən xalqın xeyrinə istifadə etməyi bacarmalıdır”
Milli musiqi alətlərimiz siyahısında yer almayan xarici alətlərdə musiqimizin, muğamlarımızın səsləndirilməsi artıq qeyri-adi hal sayılmır. Bu bir tərəfdən musiqimizin zənginliyi kimi dəyərləndirilirsə, digər tərəfdən ifaçılarımızın peşəkarlığı ilə bağlıdır.
Muğamı, milli musiqini öz sədaları ilə tamaşaçıya çatdıran, həm də sevdirən belə alətlərdən biri qoboy, onu nəfəsi ilə cana gətirən ifaçı isə Xalq artisti, “Şöhrət” ordenli sənətkar Kamil Cəlilovdur. Qocaman sənətkarla 80 illik yubileyi ərəfəsində görüşdük. Əsasən simfonik orkestrdə ifa olunan qoboy alətini solo ifa edən, onu özününküləşdirməyi bacaran sənətkarla söhbətimiz zamanı çox mətləblərdən danışdıq.
Kamil Cəlilova böyük hörmət qazandıran, onu xalqa sevdirən qoboy alətində sadəcə ifa etməsi deyil, ona milli ruh verməsidir. Söhbətimiz zamanı öyrənirəm ki, o, keçmişinə bağlı insandır. Kamil müəllim musiqiyə istiqamətlənməsində irsiyyətin rol oynadığını deyir:
- Musiqiyə həvəsim bəlkə də ulularımdan gəlir. Babam Kərbəlayı Qurbanəli 109 yaşında dünyasını dəyişib. O, muğamı, musiqini gözəl bilirmiş, atam Seyid Əzim Şirvanidən, Füzulidən qəsidələr oxuyardı və kənd sakinləri onun ifasını diqqətlə dinləyərdi. Ustad muğam ifaçısı Nəriman Əliyev dayım oğludur. Bu gün ifa etdiyim “Zəminxarə” həmin illərin nişanəsidir. Atamdan qalıb o xallar, ifam zamanı uşaq yaşlarımda atamı dinlədiyim məqamlar canlanır gözlərim önündə. Sanki o illərin ruhu, xatirələri hopur ifalarıma...
Qəribə musiqi alətinin səsi...
Kamil Cəlil oğlu Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində anadan olub. 1953-cü ildə 1 saylı musiqi məktəbində təhsil almağa başlayıb. İlk olaraq əlinə aldığı musiqi aləti nağara olub. Deyir ki, musiqi məktəbində təsadüfən eşitdiyi musiqi alətinin səsi onu öz cazibəsinə salıb: “Qonşumuz Zaur qarmonda ifa etsə də, musiqi məktəbində fortepiano sinfində oxuyurdu. Bir gün onunla həmin musiqi məktəbinə getdim. O, sinif otağına girdi. Mən isə dəhlizdə onu gözləyirdim. Qoboyun səsini ilk dəfə o gün eşitdim. Otaqların birindən qəribə musiqi alətinin səsi gəlirdi. Səs gələn tərəfə getdim və sinfin qapısını açıb həzin səsi bir xeyli dinlədim. Gördüm ortaboylu bir kişi zurnaya oxşayan bir alətdə ifa edir. Demə, müəllim məni görürmüş. Marağımı görüb “Bu alətdə çalmaq istəyirsən” deyə soruşdu. Təbii ki, ani olaraq “bəli” dedim. Beləliklə, məni yoxlayandan sonra həmin musiqi məktəbinin qoboy sinfinə qəbul etdilər. Dostum Zaur Əliyev isə sonradan pianoçu kimi məşhurlaşdı”.
Kamil Cəlilov 5 illik təhsili 2 ilə başa vuraraq 1955-ci ildə A.Zeynallı adına Musiqi Texnikumuna, 1959-cu ildə isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olur. Beləliklə də Azərbaycan musiqi tarixində yeni bir səhifə - Kamil Cəlilov sənətkarlığı mərhələsi başlanır. Tələbəlik illərindən başlayaraq o, bəstəkar əsərləri ilə yanaşı, xalq musiqilərimizi, muğamlarımızı da repertuarına daxil edir.
Müəllimini kövrəldən ifa
- Kamil müəllim, Avropa mənşəli qoboy alətini Azərbaycan xalqına sevdirdiniz. “Zəminxarə”, “Segah”, “Bayatı-Kürd” muğamları, “Azərbaycan təranələri” əcnəbi alətlə necə doğmalaşdı?
- İlk olaraq onu qeyd edim ki, “Azərbaycan təranələri” mənim öz bəstəmdir və o vaxt bu kompozisiyanı ümummilli lider Heydər Əliyevə həsr etmişdim. Ulu öndər mənim ifamı yüksək qiymətləndirərək demişdi: “Kamil Cəlilovun ifasında “Azərbaycan təranələri”ni dinləyəndə elə bil Azərbaycan xəritəsi gəlir gözlərimin önünə. Sanki zirvədə dayanıb Azərbaycanı seyr edirəm. Kamil Cəlilov virtuoz, yaradıcı, novator sənətkardır”. Ümummilli liderin bu fikirlərini həmişə sənətimə verilən ən yüksək dəyər kimi qəbul etmişəm. Əlbəttə ki, asanlıqla heç bir işə nail olmaq olmaz. Qoboyun səslənməsi çətin məsələdir. Mən bu aləti özünəməxsus dəyişiklik edərək öz üslubuma uyğun təkmilləşdirmişəm. Müəllimim vaxtilə Üzeyir bəyin Kazandan dəvət etdiyi Vasili Knyazkov idi. İlk dəfə onun üçün Hendelin “Qoboy və fortepiano üçün “Mi minor” əsərini ifa edəndə kövrəldiyini gördüm. Yaxşı yadımdadır, mən bu ifa zamanı əsərə milli xallar da əlavə etmişdim.
- Musiqini hobbiniz, həyat tərziniz adlandırırsınız...
- Bəli, mən həmişə dostlarıma sevgimi, düşmənlərə nifrətimi ifalarım və musiqilərimlə bildirmişəm. Musiqi insanın mənəvi aləminin zənginliyidir. İnsan bu zənginlikdən xalqın xeyrinə istifadə etməyi bacarmalıdır.
- 20 Yanvar faciəsindən sonra sizin ifalar sanki xalqa bir təsəlli oldu...
- Hər dəfə 20 Yanvar hadisələrinin ildönümündə özüm də ifalarımın dinləyicisinə çevrilirəm. Xalqımızın bu faciəsi mənə çox pis təsir etmişdi. Həmin ifalarımı lentə aldıranda belə bir faciənin olacağı heç ağlıma da gəlməzdi. Yeganə təsəllim ifalarımın xalqın ağrılarına müəyyən qədər təsir etməsidir. Azərbaycan Televiziyası və Radiosunun musiqi redaksiyalarında redaktorlar məsləhətləşiblər ki, Kamilin ifası ağrılı, yanıqlıdır, o musiqilər olsa, yaxşı olar. Ona görə 20 Yanvar hadisələrinin ildönümlərində radiolarda, telekanallarda, Şəhidlər xiyabanında mənim musiqilərim səslənir. “Zəminxarə”mə qulaq asan neçə ana təsəlli, toxtaqlıq tapıb. Faciənin törədildiyi ilk günlərdə insanlar mənə zəng edir, öz razılıqlarını bildirirdilər. Əzizlərini itirən insanların harayını, nisgilini qoboy vasitəsilə bütün dünyaya çatdırmışam.
Dəfələrlə sənətçi dostlarımla cəbhə bölgələrində əsgərlərimizlə görüşə getmişəm. Onların mənəvi zövqünü oxşamaq, ifalarımla mübarizlik hislərini artırmağı özümə borc bilmişəm.
- Pedaqoji fəaliyyətiniz dövründə qoboyu sizin qədər sevən “ikinci Kamil”i tapa bilmədiniz...
- 20 ilə yaxın müddətdə 15 nömrəli musiqi məktəbində və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyasında fəaliyyət göstərdim. Amma, çox təəssüf ki, qeyd etdiyiniz kimi, qoboyu mənim qədər sevən bir şagirdim olmadı. Bəziləri məni yeni qoboy ifaçıları yetişdirməməkdə qınayır. Amma şagirdlərim bu alətin nazını mənim qədər çəkə bilmədilər. Şagirdlərimdən konservatoriyanı bitirib simfonik orkestrdə çalışanlar var. Lakin bir qismi notla çalmağı bacarmadı, bir qismi də qoboyda xalq musiqisini öyrənə bilmədi. Bunun üçün sənətə sevgi və istedad vəhdət təşkil etməlidir.
- Müəllifi olduğunuz çoxsaylı əsərlərin yaranma tarixçələri də maraqlı olar...
- “Azərbaycan təranələri”ndən sonra “Çahargah ahəngi” yaradıcılığımda mühüm yeri olan musiqilərdəndir. Bu melodiya ilə 1976-cı ildə Filippində keçirilən beynəlxalq musiqi festivalında laureat adını qazandım. Daha sonralar “Çahargah rəngi”, “Segah rəngi”, “Kənani”, “Nuranım” adlı melodiyalarım da yarandı ki, hər biri dinləyicilər tərəfindən maraqla qəbul edildi.
- Yəqin ki, ilk qastrol səfərinizi xatırlayırsınız?
- İlk qastrol səfərim 1962-ci ildə Latviyaya olmuşdu. Həmin səfərə Müslüm Maqomayev də bizimlə getmişdi. Dünyanın bir çox ölkələrində görkəmli sənətkarlarımızla səfərlərdə olmuş, Azərbaycan musiqisini təmsil etmişik. Bilirsiniz ki, uzun müddət görkəmli musiqiçi, unudulmaz pianoçu Gülarə Əliyevanın rəhbərlik etdiyi “Dan ulduzu” ansamblında çalışmışam. Bu ansamblın yaranmasında yaxından iştirak etmişəm. Təkcə respublikamızda deyil, Hindistan, Finlandiya, Əlcəzair, İtaliya və digər ölkələrdə qastrol səfərlərində olmuşuq. Çıxışlarımız hər zaman alqışlarla qarşılanıb.
- Kamil müəllim, yubileyinizə necə hazırlaşırsınız?
- İnsanın öz sağlamlığını qoruması özü də bir istedad tələb edir. Allahın verdiyi əmanəti qorumaq lazımdır. Pul və şöhrəti lazım olmayan yerlərə xərcləyən insanlar sağlamlığa fikir vermirlər. 80 il ömür yaşamaq üçün sağlam həyat tərzi keçirmək lazımdır. Pis vərdişlərdən uzaq olmaq, xeyirxah olmaq, sadəlik - bütün bunlar, məncə, vacib şərtlərdir. Tanrı sənə bu həyatı veribsə, onu yalnız əmanət kimi qoruyaraq, yaxşı əməllərə sahib olmaqla yaşamalısan. Şükür Allaha, şikayətim yoxdur. Həccə getmişəm, namaz qılıram. Şükürlü bəndələrdənəm.
80 illik yubileyimi qeyd etməyə şərait yaratdığına görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm. Allahın izni ilə mart ayının əvvəlində sənət dostlarımın iştirakı ilə yubiley tədbirinin keçirilməsi nəzərdə tutulur.
“Kamilin qoboyunu dinləmək
birbaşa təbiəti dinləməkdir”
Bu fikirlər mərhum Xalq şairi Zəlimxan Yaquba məxsusdur. Onu da qeyd edək ki, Kamil Cəlilovun sənəti haqqında böyük sənətkarlar gözəl fikirlər səsləndiriblər. SSRİ xalq artistləri Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Arif Məlikov, Nikolay Nekrasov və digər musiqi xadimləri onun yaradıcılığını yüksək qiymətləndiriblər. Kamil müəllim haqqında bu fikirlər sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının 2017-ci ildə işıq üzü görmüş “Kamilin sənət dünyası” kitabında yer alıb.
Akademik Vasim Məmmədəliyev: “Kamil muğam və rəqslərimizlə yanaşı, aşıq musiqimizi, çətin aşıq havalarını da qoboyda böyük məharətlə ifa edir. Saz üstündə yaranmış qədim ozan havalarımız Kamilin ifasında çox doğma səslənir”.
Xalq şairi Məmməd Araz: “Kamil Cəlilov qoboyu götürəndə adama elə gəlir ki, o, ürəyini qoboya söykəyib. Kamil Cəlilov qoboyda hansı muğamı çalırsa-çalsın, onun barmaqları səsin sehrinə oyanır və onun qeyri-adi nöqtəsinə toxunur”.
Xalq artisti, bəstəkar Cövdət Hacıyev: “Kamil əsl yaradıcı sənətkardır. O, əsəri olduğu kimi götürüb çalmır. Əsərə özünün çalarlarını, fikir və düşüncələrini, yeni musiqi parçaları əlavə edir”.
Qocaman sənətkarımızı 80 yaşı münasibətilə təbrik edir, cansağlığı arzulayırıq.
Lalə Azəri