Azərbaycan
    
   27 yanvar 1806 - Yazıçı, mütəfəkkir İsmayıl bəy Qutqaşınlı (1806-1869) keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olub. Fransız dilində yazdığı "Rəşid bəy və Səadət xanım" povesti ilk Azərbaycan nəsr əsəri sayılır. Çar Rusiyası ordusunda qulluq edib, general rütbəsinədək yüksəlib.
   27 yanvar 1906 - Görkəmli tarixçi Sara Aşurbəyli (1906 - 17.7.2001) anadan olub. Orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair dəyərli araşdırmalar aparıb, əsərləri ingilis, fransız dillərində çap edilib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olub, boyakarlıq əsərlərinin müəllifidir.
   27 yanvar 1912 - Əməkdar memar Fərəc Səttar oğlu Fərəcov (1912 - 7.9.1990) anadan olub. 
   27 yanvar 1939 - Tanınmış aktrisa Ofeliya Rza qızı Əfqanlı (Ofeliya Aslan; 1939 - 18.5.2010) anadan olub. 1963-cü ildən (fasilələrlə) Musiqili Komediya Teatrında çalışıb. “Xoşbəxtlik qayğıları”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.
   27 yanvar 1939 - Ustad saz ifaçısı, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ədalət Məmmədəli oğlu Nəsibov (Aşıq Ədalət; 1939 - 14.9.2017) Qazax rayonunda anadan olub. 
   
   28 yanvar 1848 - Şair, tarixçi, pedaqoq Həsənəli xan Qaradaği (1848 - 2.12.1929) Şuşada doğulub. Rus şairi İvan Krılovun təmsillərini dilimizə tərcümə edib. Qori Müəllimlər Seminariyasının müəllimi Aleksey Çernyayevski ilə birgə azərbaycanlı şagirdlər üçün “Vətən dili” dərsliyini (1882) hazırlayıb.
   28 yanvar 1908 - Bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Boris İsaakoviç Zeydman (1908-1981) Peterburqda anadan olub. Ü.Hacıbəylinin dəvəti ilə Bakıya gəlib, Dövlət Konservatoriyasında dərs deyib (1940-60). Bakıda «Maskarad», «Ağıldan bəla» operalarını, «Qızıl açar» baletini yazıb. 60-70-ci illərdə Özbəkistanda (Daşkənd Konservatoriyası) çalışıb.
   28 yanvar 1923 - Yazıçılar Birliyinin (1934-cü ildən) orqanı olan “Azərbaycan” jurnalının ilk sayı çapdan çıxıb. Nəşrin ilk redaktoru Tağı Şahbazi Simurq olub. Jurnal 1923-1927-ci illərdə "Maarif və mədəniyyət” adı ilə nəşr edilib. Sonrakı illərdə "İnqilab və mədəniyyət", "Revolyusiya və kultura" və s. adlarla çıxıb. 1953-cü ildən “Azərbaycan” adlanır.
   28 yanvar 1938 - Kinooperator, Əməkdar incəsənət xadimi Zaur Məhərrəmov Bakıda doğulub. “Uşaqlığın son gecəsi”, “Ad günü”, “Gözlə məni” və s. filmləri lentə alıb, sənədli filmlərin rejissorudur.
   28 yanvar 1925 - Şair, dramaturq Adil Qafar oğlu Babayev (1925 - 19.8.1977) anadan olub.
   28 yanvar 1944 - Xalq artisti Məzahir Həbulla oğlu Süleymanov Zərdab rayonunda anadan olub. “Mənim ağ şəhərim”, “Yük”, “Cavid ömrü” filmlərində çəkilib.
   28 yanvar 1980 - Azərbaycanda teleradio diktorluq məktəbinin banilərindən biri, diktorlar arasında respublikanın ilk Əməkdar artisti Aydın Çingiz oğlu Qaradağlı (20.8.1929 - 1980) vəfat edib.
   28 yanvar 1985 - SSRİ Xalq artisti, rejissor, pedaqoq, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədov (22.5.1918, Şuşa - 1985) vəfat edib. Milli Dram Teatrında rejissor işləyib. Quruluş verdiyi tamaşalar teatr tariximizdə əhəmiyyətli yer tutur. “Onu bağışlamaq olarmı?” filmində (Qaya) çəkilib.
   
   29 yanvar 1926 - Sirk ustası, jonqlyor, illüzionist, Xalq artisti Xosrov Abdulla oğlu Abdullayev (29.1.1926 - 31.3.1980) Şamaxıda anadan olub. “Uşaqlığın son gecəsi”, “O qızı tapın” və s. filmlərdə çəkilib.
   29 yanvar 1927 - Məşhur balerina, Azərbaycanın və SSRİ Xalq artisti Leyla Məhəd qızı Vəkilova (1927 - 20.2.1999) anadan olub. Opera və Balet Teatrının aparıcı balet aktrisası olub. 1953-cü ildən Bakı Xoreoqrafiya Məktəbində dərs deyib, bu tədris ocağına rəhbərlik edib.
   29 yanvar 1938 -Xalq artisti, mahir qoboy ifaçısı Kamil Cəlil oğlu Cəlilov Bakının Buzovna kəndində anadan olub. "Şöhrət" ordeni (2013) ilə təltif edilib.
   
   30 yanvar 1920 - Kinooperator Teyyub Axundov (1920 - 3.12.1991) anadan olub. “Onu bağışlamaq olarmı?”, “Sehrli xalat”, “Dağlarda döyüş”, “Tütək səsi” və s. filmlərin operatorudur.
   30 yanvar 1936 - Əməkdar elm xadimi, ədəbiyyatşünas Araz Məmməd Arif oğlu Dadaşzadə (1936 - 4.11.1990) anadan olub. “Vaqif”, “XVIII əsr Azərbaycan lirikası” monoqrafiyalarının müəllifidir.
   30 yanvar 1948 - Xalq artisti, vokal sənətimizin tanınmış nümayəndələrindən olan Elxan Yəhya oğlu Əhədzadə (1948 – 8.10.2010) Bakıda doğulub.
   30 yanvar 1992 - Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə (1995-ci ildən ATƏT adlanır) üzv qəbul olunub. 
   30 yanvar 2006 - Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının bəzi nazirliklərinin yenidən təşkil edilməsi haqqında” fərmanına əsasən Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilərək Mədəniyyət və Turizm Nazirliyi, habelə Gənclər və İdman Nazirliyi yaradılıb. 

   Dünya
    
   27 yanvar 1756 - Dünya şöhrətli Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (Joannes Chrysostomus Wolfgang Theophilus Mozart, 1756-5.12.1791) Zalsburq şəhərində doğulub. 6 yaşından musiqi bəstələməyə başlayıb. Alman dilində ilk operanın (“Hərəmxanadan qaçırılma”), müxtəlif alətlərlə orkestr üçün 40-a yaxın əsərin müəllifidir.
   27 yanvar 1775 - Alman filosofu Fridrix Vilhelm Şellinq (Friedrich Wilhelm Joseph von Schelling, 1775-1854) anadan olub. Əsərləri: “İncəsənət fəlsəfəsi”, “Etiraf fəlsəfəsi” və s.
   27 yanvar 1826 - Rus yazıçısı Mixail Yevqrafoviç Saltıkov-Şedrin (1826-1889) anadan olub. Əsərləri: “Quberniya oçerkləri”, “Bir şəhərin tarixi”, “Nəcib nitqlər”, “Həyatın təfərrüatı” və s.
   27 yanvar 1832 - İngilis yazıçısı, filosof Luis Keroll (Lewis Carroll - əsl adı Charles Lutwidge Dodgson; 1832-1898) anadan olub. Uşaqlar üçün məşhur əsərlərin (“Alisa möcüzələr ölkəsində”, “Alisa əyri güzgülər ölkəsində”) müəllifidir.
   
   28 yanvar 1897 - Rus-sovet yazıçısı Valentin Petroviç Katayev (1897-1986) anadan olub. “Vaxtdır, irəli”, “Tənha yelkən ağarır”, “Alay oğlu” əsərləri əsasında eyniadlı filmlər çəkilib.
   28 yanvar 1912 - Amerika rəssamı, abstrakt ekspressionizmin banisi Pol Cekson Pollak (Paul Jackson Pollock, 1912-1956) anadan olub.
   
   29 yanvar 1860 - Rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexov (1860 - 1904) Taqanroq şəhərində (Rostov vilayəti) doğulub. Əsərləri: “Qağayı”, “Albalı bağı”, “Vanya dayı”, “Üç bacı” (pyes), “Çöl”, “6 nömrəli palata”, “Mujiklər” (povest), “Buqələmun”, “Qılaflı adam” (hekayə) və s.
   29 yanvar 1866 - Fransız yazıçısı, musiqişünas, ədəbiyyat üzrə Nobel mükafatı (1915) laureatı Romen Rollan (Romain Rolland; 1866 - 30.12.1944) anadan olub. Əsərləri: “Jan-Kristof” (10 kitabdan ibarət roman), “Canavarlar”, “İdrakın təntənəsi”, “Danton” pyesləri və s.
   
   30 yanvar 1923 - Məşhur kinorejissor, SSRİ Xalq artisti Leonid Qayday (1923 - 19.11.1993) anadan olub. Populyar sovet kinokomediyalarının (“I əməliyyatı”, “Qafqaz əsiri”, “Brilyant əl”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Sportloto-82” və s.) müəllifidir.
   30 yanvar 1928 - Amerika blüz musiqisinin tanınmış simalarından olan müğənni Rut Braun (Ruth Brown, 1928-2006) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan