Azərbaycan
   
   31 yanvar 1879 - Satirik şair Səməd Mənsur (Səməd Hacı Əhməd oğlu Kazımov; 1879 - 3.1.1927) Bakının Əmircan kəndində doğulub. "Molla Nəsrəddin", "Şeypur" və s. jurnallarda şeirləri dərc edilib. “Səfa” cəmiyyətinin yaradıcısı olub, cəmiyyətin nəzdindəki teatr üçün pyeslər yazıb, tərcümələr edib. 
   31 yanvar 1884 - Görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (1884 - 6.3.1955) Bakının Novxanı kəndində doğulub. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisidir, Cümhuriyyətin süqutundan sonra Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib, jurnal və qəzetlər nəşr etdirib. “Əsrimizin Səyavuşu”, “Çağdaş Azərbaycan ədəbiyyatı", "Çağdaş Azərbaycan tarixi" və s. əsərlərin müəllifidir. Məzarı Ankaradadır.
   31 yanvar 1903 - Əməkdar rəssam, tanınmış boyakar və qrafik Ələkbər Ələsgər oğlu Rzaquliyev (1903 - 31.1.1974) Bakıda anadan olub. “Köhnə Bakı” silsiləsi , “M.Ə.Sabir”, “Çaybecərənlər” və s. linoqravüraların müəllifidir. 30-40-cı illərdə repressiyaya məruz qalıb, həbs və sürgün edilib.
   31 yanvar 1915 - Xalq artisti Vera Karlovna Şirye (1915-2003) anadan olub. Uzun illər Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb.
   31 yanvar 1924 - Əməkdar incəsənət xadimi, şair Əli Tudə (Əli Əliqulu oğlu Cavadzadə; 1924 - 26.2.1996) Bakıda anadan olub.
   31 yanvar 1963 - Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov (26.3.1910 - 1963) vəfat edib. Teatr tamaşalarında (“Vaqif”, “Otello” və s.), kinoda (“Fətəli xan”, “Qara daşlar”, “Uzaq sahillərdə”, “Böyük dayaq”) unudulmaz obrazlar yaradıb.
   
   1 fevral 1935 - Yazıçı-publisist Nazim Sadiq oğlu İbrahimov Bakıda anadan olub.
   1 fevral 2004 - Rejissor, aktyor, Xalq artisti Lütfi Şahbaz oğlu Məmmədbəyov (6.2.1927 - 2004) vəfat edib. Onlarla televiziya tamaşasına, “İtkin gəlin” çoxseriyalı televiziya filminə quruluş verib. “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Səhər”, “Sehrli xalat” və s. filmlərdə çəkilib.
   
   Dünya
   
   31 yanvar 1797 - Avstriya bəstəkarı Frans Şubert (Franz Peter Schubert, 1797-1828) anadan olub. Musiqidə romantizmin banilərindən biridir. “Alfonso və Estrella” operası, 9 simfoniya, çoxsaylı mahnı və romansların müəllifidir.
   31 yanvar 1921 - Amerika opera müğənnisi, aktyor Mario Lansa (Mario Lanza - əsl adı Alfredo Arnoldo Cocozza; 1921-1959) anadan olub.
   31 yanvar 1924 - Gürcü kinorejissoru, SSRİ Xalq artisti Tengiz Abuladze (1924-1994) anadan olub. Filmləri: “Mən, nənəm, İliko və İllarion”, “Yalvarış”, “Arzu ağacı”, “Tövbə” və s.
   31 yanvar 1935 - Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1994) Kendzaburo Oe anadan olub. Əsərləri: “Şəxsi təcrübə”, “Müasirlərin oyunu”, “Həyatın qohumları”, “İki yüz yaşlı uşaq” və s.
   
   1 fevral 1895 - Amerika kinorejissoru Con Ford (John Ford - John Martin Feeney; 1895-1973) anadan olub. Rejissorlar arasında ən çox (4 dəfə) “Oskar” mükafatına layiq görülüb.
   1 fevral 1942 - Rusiyanın Xalq artisti, məşhur müğənni Lev Leşşenko anadan olub. 
   1 fevral 1999 - Məşhur türk musiqiçisi, bəstəkar Barış Manço (2.1.1943 - 1999) vəfat edib. Türkiyədə rok musiqisinin öncüllərindən biridir. 200-dən çox mahnı yazıb. Hazırladığı televiziya proqramları ilə bir çox ölkələrdə səfərdə olub.
   
   Hazırladı: Vüqar Orxan