Azərbaycanda yeni turizm zonalarının yaradılması istiqamətində işlər davam edir. Müasir turizm infrastrukturu qurulur, istirahət imkanları daha da yaxşılaşır. Nəticədə insanlar ölkəmizdə istirahət etməyə üstünlük verirlər. 
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu sözləri yanvarın 31-də jurnalistlərə müsahibəsində bildirdi. Qeyd edək ki, 2017-ci ildə ölkəyə gələn turist sayı (2,7 milyon nəfər) xaricə istirahətə gedən vətəndaşlarımızın sayından çox olub.
   Nazir bu vəziyyətin sevindirici olduğunu vurğulayaraq əlavə etdi ki, eyni zamanda turizm müəssisələri də göstərilən xidmətlərin səviyyəsini daha da artırmaq istiqamətində çalışmalıdır. Əbülfəs Qarayev vurğuladı ki, ölkəmizdə kənd turizminin inkişafına da xüsusi diqqət göstərilir. Bunun üçün yerlərdə treninqlər təşkil olunur.
   
   “Yanardağ” qoruğunun abadlaşdırılması layihəsi həyata keçiriləcək
   
   Nazir jurnalistlərin sualına cavab olaraq “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun bərpası və abadlaşdırılması ilə bağlı məsələyə də aydınlıq gətirdi. Qeyd etdi ki, bununla bağlı layihə mövcuddur: “Hazırda layihənin başa çatdırılması üçün işlər görülür. Amma orada insanlar yaşayır və bununla bağlı problemlər var. Bu məsələ həll olunandan sonra işlər görüləcək. Dövlət qurumları bu işlə məşğuldur. Cənab Prezidentin bununla bağlı iradı tamamilə haqlıdır. Bu, çoxdan aktual olan bir məsələdir. Biz bu məsələyə çoxdan diqqət yetirməli idik”.
   Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 29-da Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak etdikdən sonra “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olub. Qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı qeyd edib ki, qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil. Prezident aidiyyəti dövlət qurumlarına bu vəziyyətin aradan qaldırılması, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şəraitin yaradılması barədə tapşırıq verib.
   
   Fariz Hüseynov