Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Şamaxı və İsmayıllı rayonlarını əhatə edən, rus və ingilis dillərində regional turist marşrutları xəritəsi hazırlanıb. Şamaxı və İsmayıllı rayonlarına səyahət edən turistlər bu xəritə vasitəsilə regionun abidələri, kempinq əraziləri və turist düşərgələri, tarixi məkanları, regionun mətbəxi haqqında ətraflı məlumat əldə edə bilər. Bələdçi xəritəsi görməli yerlərə (qədim məscidlər, körpülər, mədəniyyət mərkəzi və muzeylər) ən qısa marşrutu tapmağa köməklik etməklə rayondakı mehmanxanalar, istirahət zonaları və restoranlar haqqında məlumatı əhatə edir.
Xəritənin köməyi ilə Lahıc və Basqal qəsəbələri, Qız qalası abidəsi, Yeddi günbəz, Diri Baba türbəsi, N.Tusi adına Şamaxı Astrofizika rəsədxanası, Safari Park və digər turistik yerlər barədə ətraflı məlumatlar almaq mümkündür.
Turist xəritəsini ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərində, eləcə də region ərazisində fəaliyyət göstərən mehmanxanalarda əldə etmək olar. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ölkəmizin digər şəhər və rayonlarının turist xəritələrinin hazırlanması üzərində işlər davam etdirilir.