Vətən sevdalı, daşnak-bolşevik yuvasına çevrilmiş Bakı azar-bezarlı və... Paris məzarlı Ceyhun Hacıbəyli
100 yaşlı bu “Cümhuriyyət ili”ndə 71 illik ömrünün 19-nu Vətəndə, qalanını qürbətdə yaşamış ən gənc cümhurçu haqda yazmaq xeyli ağrılı...
Onun konservatorial-intellektual Şuşa ab-havasında tumurcuqlayan ilham “ting”i, ədəbi ahəngi ölkənin universal-qaynar qafasında - Bakıda çiçəklədi.
Onun publisistik qələmi dövri mətbuat redaksiyalarında püxtələşdi, intellekti, ədəbi-bədii qənimətləri, ictimai-siyasi qənaətləri milli aktlarda, real və mənəvi aksiyalarda formalaşdı.
Şuşada müəllimsiz - doğal könül-sənət dərsləri alan, Bakıda - proletarların qəlbini sarmaqda olan bolşevizmin vəd etdiyi qəlp siyasət perspektivindən sarsılan gənc ədib bir vaxt “Sorbonna”sında oxuduğu Fransaya öz Cümhuriyyətinin “de yure”si üçün getdi, geri qayıda bilmədi...
Uzun illər “Qala” adıyla tanınmış Şuşada doğulmuşdu.
Belə bir fikir də var ki, o şəhərin bünövrələnməsinin “baiskar”ı da Nadir şah Əfşar olub, səbəbkarı da; bu xeyli emosional şah onu saymayıb, keçirdiyi Suqovuşan qurultayına gəlməyən “dikbaş”ların bir parasını bütün qohum-qövmləriylə Azərbaycandan didərgin salıb, uzaqlara gedə bilməyənlərsə - bu qəzəbli şahın əlindən qaçıb, ovaxtlar əlçatmaz-ünyetməz hesab olunan bu məkana sığınıb. O “dikbaş”lar isə bu torpağın ictimai-siyasi, milli-mənəvi cəhətdən ən ayıq-oyaqları, elmi-ədəbi, mədəni-mənəvi sarıdan ən istedadlıları idi...
Deməli, bir az sonralar “tarixi”-dərbədər ermənilərin daha çox məhz Dağlıq Qarabağa köçürülməsində hədəf tək elə perspektiv ərazi qəsbi deyil, həm də bu akadem-elatın oturaq mədəniyyətini, üst etno-mental elementlərini, istedad fitrətini mənimsəmək qəsdi imiş. Axı o bədniyətlər hələ ovaxtadək də çox tarixi-ibrətamiz hadisələrin baş verdiyi, xeyli ad-sanların yayıldığı bu gənc “təbii konservatoriya-şəhər”in perspektivinin hələ qarşıda olduğunu yaxşı bilirdilər...
O perspektivlərdən biri də Ceyhun idi ki, topsuz-tüfəngsiz böyük sənət strategiyasını bolşevizmlə mübarizə üçün siyasət-qürbət taktikası müstəvisinə keçirməsəydi, nə özü o qədər istedad və qabiliyyətlə bu qədər “az” yazıb-yaradar, nə də qardaşlarını - Üzeyir, Zülfüqar kimi mənşə və sənət bəylərini hər gün, hər saat repressiv səksəkələrə düçar etmiş olardı...
Bəli, Ceyhun Hacıbəyli də belə bir ali məkanda (3 fevral 1891) dünyaya göz açmışdı.
Yaradıcılığa felyetonla başlayan Ceyhun Hacıbəyli ustadlarından və yaşıdlarından fərqli olaraq, düşüncələrində “inqilab içində inqilab”a meyllənir və hələ qələm fəaliyyətinin ilk illərində həmkarları içərisindəki milli oyanış səviyyəsindən narazı qismə belə bir fikir aşılamağa çalışır; biz bu xalqa nə və necə mətbu mühazirə oxuyuruqsa, ondan da elə o sayaq cavab gələsidir...
Deməli, maarifçilik, maarifçilik, yenə də maarifçilik! Dostları onun “Proqres” qəzetində (1907) “Daqestanskiy” imzası ilə çap etdirdiyi və ədəbi ictimaiyyətin hadisə kimi dəyərləndirdiyi “Pristav Ağa” felyetonuna rəğmən, bu janrda işləməsini tövsiyə etsələr də, Ceyhun fikrindən dönmür, milli-mənəvi məhəbbət dolu bir enerjilə mətbuatın əzəli-ədəbi janrında - publisistikada məhsuldar fəaliyyətə başlayır. Maarif və mədəniyyətin bütün sahələrinə, dil, din, xeyriyyəçilik mövzularına dair cari və problematik yazılar çap etdirir. Həyatın heç bir ictimai nüansı bu gəncin nəzərindən yayınmır. Onun o dövr qaçqın və köçkünlərinin siyasi və sosial durumu haqda yazdığı materiallar bugünümüzçün də ibrətamizdir.
Mühacirətə qədər “Kaspi”, “Proqres” və digər qəzetlərdəki saysız yazıları ilə mükəmməl publisist kimi tanınan Ceyhun Hacıbəyli elə həmin dövrdə “İttihad” və rus dilində çap olunan “Azərbaycan” qəzetlərinin redaktoru olub.
İşə baxın;
1908-ci ildə Əli bəy Hüseynzadənin müdir olduğu “Səadət” məktəbində müəllimlik edən, ali təhsil almaqçün Rusiyaya yollanan, milyonçu Murtuza Muxtarovun vəsaitilə Peterburq Universitetinin Hüquq fakültəsində bir il oxuduqdan sonra Fransaya gedib Sorbon Universitetinə daxil olan bu gənc ömrünü də orada başa vurmalı olacaqmış...
Əvvəllər nəsr əsərləri də (bir neçə hekayə, 1910-cu ildə çap etdirdiyi “Hacı Kərim” povesti) yazmış C.Hacıbəyli həmin dövrlər xalqın gündəlik mətbu yazılara daha çox ehtiyacı olduğunu hiss edib, bədiiyata fasilə verməli, böyük qardaşı - artıq opera və operettaları ilə məşhurlaşmış Üzeyir Hacıbəyli ilə müştərək libretto işləmələrini istisna etməklə, yalnız mətbu yaradıcılıqla məşğul olur.
Nəhayət, adını çoxdan eşitdiyi, üzünü yenicə gördüyü, iç üzünə isə “dabbaq gönü” qədər bələd olduğu bolşeviklər, bütün ömrü uzunu qəbul etməyəcəyi sovetlər ərəfəsi. Fitrətən azad düşüncəli bu böyük istedad sahibi Vətəndən mühacirət edir. O, Fransada da dərhal diqqət mərkəzinə düşür. Bir neçə qəzetlə əməkdaşlıq edir, “La Revul des Deux Mende” jurnalında çalışır. Hərtərəfli qabiliyyət və istedadı üzə çıxdıqdan sonra fransız dilində çıxan “Qafqaz” jurnalının, sonralar Münxendə nəşr olunan “Azərbaycan” jurnalının redaktoru olur.
“İslam əleyhinə” kampaniya və onun Azərbaycanda metodları”. Bu irihəcmli tədqiqat əsəri C.Hacıbəylinin yaradıcılığında xüsusi yer tutur. Bu əsər onun “sovet davaları”ndan bir tədqiqat nümunəsidir. Onun adı isə Azərbaycanın Azadlıq, habelə mədəniyyətimizin vətəndənkənar təbliği tarixinə qızıl hərflərlə yazılmış imzalardandır. Azərbaycanın bugünkü azad vətəndaşları içərisindəki az və tam bixəbərlər də zaman-zaman biləcəklər ki, bu yurdun müstəqilliyi uğrunda canlarını qəribliyə, qürbətə qurban verənlər də böyük milli sevgi və ehtiramlara layiqdirlər...
Deyirlər -
Ceyhunun da qəlbi - böyük qardaşları Üzeyir bəy və Zülfüqar bəy Hacıbəylilərinki kimi, nəğmə ilə döyünür, musiqiylə nəfəs alırmış. Lakin o, bir çox səbəbdən, məram-məqsədini “sazla” yox, sözlə deməyi qərarlaşdırır. Onun təbirincə, bu “səbəblərdən biri də budur ki, bütün səbəblər və nəticələr sözlə daha aydın, daha ətraflı ifadə edilir”.
Doğrudan da belədir. Onun qələm çaldığı “Rusiya demokratları hansı məqamlarda bolşeviklərlə qovuşurlar?” məqaləsindəki fikir-düşüncələri hansı musiqi alətində ifadə etmək olardı? Böyük istiqlal və himn şairimiz Əhməd Cavadın faciəvi taleyilə əlaqədar qürbətdə yazıb çap etdirdiyi “Düşmən tikanları” kimi elegial, alov saçan düşüncələri, qəlb sızladan faktları hansı nəğmə taktları ilə vermək mümkün? Bəzən adama şedevr bir roman qədər təsir bağışlayan böyük musiqi nümunəsi, bəzən, heç Ceyhunun “Dağıstan məktəblisi” kimi kiçik bir şeirinin də yerini vermir...
Bu böyük soydaşımızın (lakin həm də Vətən nakamımızın) AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından işıq üzü görən “Seçilmiş əsərləri”, habelə Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən arxiv sənədləri, məktubları və digər mənbələrdən istifadə edilməklə hazırlanmış “Qürbətdən gələn səslər” kitabı çap olunsa da, sonda, hər şeyin axır-uxuru, küll-“qaş-qabaq” (hətta məndə “ölegiya”) kimi də assosiasiya olunan bir söz -
Elegiya...
“Bəli, etiraf etməliyəm ki, doğmalarımdan ayrılmağın bu qırx ili ərzində mən hərdən bacılarımın həsrətini çəkirdim; bəzən də anamın və ortancıl qardaşımın surətləri bacılarımın surətlərini əvəz edirdi. ... Ayrılıq dəmində hər ikisi acı göz yaşları tökürdü. Mən isə, “axı niyə ağlayırsınız” deyə-deyə onları inandırırdım ki, cəmisi iki aylığa gedirəm. Hə, Ceyhun bəy, sən özün də bilmədən onları aldatmışdın. İndi sən ayrılığın qırx birinci ilini yaşayırsan, onları bir daha görmədin və heç vaxt da görməyəcəksən... Doğmaların bir-birinin ardınca dünyadan köçürlər... Elə sən özün də...”
Görəsən, bir neçə il öncə “demokrasion” Fransa hökumətinin absurd “erməni genosidi”nə etiraz edənlərə həbs “senzi” Fransa məzarlarındakı soydaşlarımızın ruhuna da əyan olmuşdumu?..
Əgər olmuşdusa, onda Mopassanın “Gombul”undan ölkənin ovaxtkı prezidenti Sarkozi kişiyə namuslu salyutlar, bolşevik-daşnak alçaqların mühacir-məhkum taleyi yaşatdıqları Ceyhunların ruhlarından isə Balzakların xəcil ruhlarına atəşin salamlar!..
Nədən ki, bu böyük soydaşımızın da qəbri Parisdədir. O şəhərdə ki, Balzakın da məzarı oradadır. O Balzak ki, “Dahilər ucqarlarda doğulur, Parisdə ölür” deyib. O deyim ki, bunu dünyanın bütün məmləkətlərinin “ölkə-paytaxt” tandeminə düsturlamaq olar. Və o “ölü”lər ki, bəşəriyyətin hər tür elm-sənət-mədəniyyət olumları onlardan “əlifba”lanıb, bu gün də elələrinə bağlıdır və elə belələrilə də davam edəcək...
Tahir Abbaslı