İşçi qrupun ilk iclası keçirilib
   
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 27 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Turizm Şurası haqqında Əsasnaməyə uyğun olaraq “Turizm sahəsində təhlükəsizlik” İşçi qrupu yaradılıb. Qrup turizm sahəsində təhlükəsizlik tədbirlərinin görülməsi, bu sahə üzrə problemlərin təhlil edilərək qarşısının alınması, digər ölkələrin təcrübəsindən yararlanmaqla təhlükəsizlik üzrə yeni standartların yaradılması və beynəlxalq göstəricilərə uyğunlaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə təşkil olunub.
   İşçi qrupun fevralın 1-də keçirilən ilk iclasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, “Azərbaycan Dəmir Yolları” QSC, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və digər qurumların nümayəndələri iştirak edib.
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev iclası açaraq turizm sahəsinin qeyri-neft sektorunun inkişafında rolu, ölkəmiz üçün əhəmiyyəti, dövlətin bu sahəyə diqqət və qayğısı barədə məlumat verib, ölkəmizdə turistlərin sayında müşahidə olunan artım tempini nəzərə alaraq onların təhlükəsizliyinin təmin edilməsi məsələsini xüsusilə diqqətə çatdırıb.
   İclasda yerləşdirmə obyektlərində təhlükəsizliyin təminatı, milli parklarda, dağ və meşə ərazilərində turistlər üçün marşrutların yaradılması və marşrutlar boyu yol nişanlarının quraşdırılması, nəqliyyat sahəsi üzrə təhlükəsizliyin təmin olunması və digər mühüm məsələlər müzakirə edilib, dövlət qurumlarının nümayəndələri tərəfindən müvafiq fikirlər səsləndirilib.
   İclasın yekunu olaraq müzakirəyə çıxarılan məsələlərin həlli istiqamətində dövlət qurumları tərəfindən rəy və təkliflərin verilməsi, həmçinin bu istiqamətdə işlərin davam etdirilməsi üçün işçi qrupun üzvləri arasında mütəmadi olaraq məlumat mübadiləsinin aparılmasına dair qərarlar qəbul edilib.