Alman mütəxəssisləri Bakıda memarlıq incilərinin yaranmasına öz töhfələrini veriblər
Fevralın 8-də “Kapellhaus” Azərbaycan-Alman Mədəniyyət Mərkəzində memarlıq doktoru, professor Elçin Əliyevin Mədəniyyət və Turizm Nazirliyi və Almaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə nəşr olunmuş “Azərbaycan memarlığında alman irsi” kitabının təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək Prezident İlham Əliyevin 2016-cı il avqustun 30-da “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncam imzaladığını xatırlatdı. Həmin sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində bir sıra tədbirlər keçirildiyi diqqətə çatdırıldı.
Qeyd edildi ki, alman memarları XIX əsrin sonu - XX əsrin əvvəllərində neft bumu sayəsində sürətlə inkişaf edən Bakıda memarlıq incilərinin yaranmasına öz töhfələrini veriblər. Alman əsilli memarların layihələri ilə inşa olunan tikililər Azərbaycan memarlığının, eləcə də Bakı, Gəncə və digər şəhərlərin inkişafında müəyyən mərhələ təşkil edib.
Sevda Məmmədəliyeva kitabın Azərbaycan-Almaniya dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə və ölkəmizdəki multikultural mədəni mühitin inkişafına töhfə olduğunu vurğuladı.
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab çıxış edərək bildirdi ki, “Azərbaycan memarlığında alman irsi” kitabı iki ölkə arasında olan yüksək səviyyəli əlaqələri bir daha təsdiq edir. Vurğuladı ki, ötən il alman mühacirlərinin Azərbaycanda məskunlaşmasının 200 illiyi geniş şəkildə qeyd olunub. Ölkəmizin müxtəlif yerlərində, xüsusən də Göygöl və Şəmkir rayonlarındakı alman maddi irsi hər iki xalqın gələcəkdə dostluq əlaqələrinin inkişafı baxımından möhkəm bünövrədir. Səfir alman irsinin qorunub saxlanılmasına görə Azərbaycan xalqına minnətdarlığını bildirdi.
Sonda kitabın müəllifi, professor Elçin Əliyev çıxış edərək “Azərbaycan memarlığında alman irsi” kitabı haqqında məlumat verdi. Bildirdi ki, kitabda XIX əsrin əvvəllərindən Azərbaycanda məskunlaşan almanların yaratdığı memarlıq abidələri əksini tapıb. Kitabda həmin abidələrin memarlıq üslubu, bu günə qədər qorunması istiqamətində atılan addımlardan bəhs olunur. O, nəşrin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirdi və kitabı öz imzası ilə oxuculara təqdim etdi.
Qeyd edək ki, XIX əsrin əvvəllərində Azərbaycanda ilk alman koloniyası - Helenendorf (indiki Göygöl şəhəri) salınmış, sonrakı dövrlərdə Şəmkir, Qazax, Tovuz, Ağstafa rayonları ərazisində Annenfeld, Qeorqsfeld, Qrünfeld, Traubenfeld - ümumilikdə 8 alman koloniyası yaranmışdı. Sənayedə və təsərrüfatda yaxşı mütəxəssis olan almanlar tərəfindən inşa edilən körpülər, müxtəlif tikililər, şərab zavodları indiyədək qalır. Alman kolonistlərinin Gəncə şəhərində, Şəmkir və Göygöl rayonlarında inşa etdirdiyi yaşayış evləri, kilsə (lüteran kirxası) və digər tikililər qalmaqdadır. Bakıda Kapellhaus binası da bu memarlıq irsinin möhtəşəm nümunələrindən biridir.
Fariz