Düsen Kaseinov: “Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Türkiyədə keçirilən bütün tədbirlərdə iştirak edəcəyik”
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un təşəbbüsü ilə artıq altıncı ildir ki, quruma üzv respublikaların bir şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilir. 2012-ci ildə Astana (Qazaxıstan) ilə başlayan bu ənənə Kazan (Tatarıstan), Əskişəhər (Türkiyə), Mərv (Türkmənistan), Şəki (Azərbaycan) və Türküstan (Qazaxıstan) şəhərlərini əhatə edib. 2018-ci ildə bu missiyanı Türkiyənin Kastamonu şəhəri davam etdirir. İlboyu TÜRKSOY-un ənənəvi layihələri “mədəniyyət paytaxtı”nda gerçəkləşir, türk dünyasının söz, sənət adamları bu şəhərlərdə bir araya gəlir, fikir mübadiləsi aparır, qaynayıb-qarışırlar.
TÜRKSOY-un baş katibi Düsen Kaseinovla söhbətimizdə qurumun qarşıdakı plan və layihələrinə, Azərbaycanla əməkdaşlıq istiqamətlərinə toxunduq. Amma öncə söhbətə yeni “paytaxt”dan körpü saldıq.
- Düsen bəy, 2018-ci il üzrə “Türk dünyasının mədəniyyət paytaxtı” olaraq Türkiyədən məhz Kastamonu şəhərinin seçilməsi maraq doğurur. Niyə məhz bu şəhər?
- Hansı şəhərin “Türk dünyasının mədəniyyət paytaxtı” olması təklifini hər bir ölkə özü irəli sürür. Bunu biz seçmirik. Məsələn, deyək ki, növbəti il “mədəniyyət paytaxtı” Qırğızıstanın hər hansı bir şəhəri olacaq. Sonra istiqamət yenidən Türkmənistana, oradan da Azərbaycana doğru gedir. Ümumiyyətlə, hazırda bu sahədə yaxşı mənada rəqabət var. Türk dünyasının hər bir şəhəri bu missiyanı qazanmaq istəyir. Çünki bunun necə cəlbedici olduğunu, şəhərin reklamı, təbliğatı üçün hansı imkanları yaratdığını gördülər. Ona görə də bu il Trabzon, Bursa da “paytaxt” olmaq istəyirdi. Amma şəxsən mənim münasibətimə gəlincə, bu qənaətdəyəm ki, hərdən kiçik, ucqar və tarixi şəhərlərə də önəm vermək lazımdır. Axı indi dünyanı Parislə, Londonla tanış etməyə gərək yoxdur. Məsələn, Hollandiyanın şimal şəhəri olan Leuvarden (Leeuwarden) və Maltanın Valetta şəhəri bu il “Avropanın mədəniyyət paytaxtı”dır. Hər ikisi kiçik şəhərlərdir, amma bu missiya onların tanınmasına vəsilə olacaq. Deməli, bu il Kastamonunu da Türk dünyasında çoxları tanıyacaq. Türk dünyasından mədəniyyət nümayəndələri şəhərə gələcək, çoxlu tədbirlər keçiriləcək.
- Yeri gəlmişkən, bu il “paytaxt” şəhərdə ənənədən kənar yeniliklər gözlənilirmi?
- Ənənəvi layihələrimizin hər birini Kastamonuda reallaşdıracağıq. Yeniliklər də var. Məsələn, ötən illərdən fərqli olaraq, bu il yalnız Türk dünyasından deyil, Avropa paytaxtlarından da nümayəndələri tədbirlərimizə dəvət edəcəyik. Bu il həm də Azərbaycanın Naxçıvan şəhəri “İslam mədəniyyətinin paytaxtı” elan edilib. Biz məktub yazıb xahiş etmişik ki, Naxçıvanın nümayəndə heyəti də Kastamonuda “mədəniyyət paytaxtı”nın açılışında iştirak etsin. Təbii ki, bu tədbirlərdən sonra kiçik şəhərciyi bütün dünyada tanıyacaqlar. Siz özünüz də şahidsiniz ki, biz Azərbaycanın Şəki şəhərini 2016-cı ildə “mədəniyyət paytaxtı” kimi necə təbliğ etdik və tanıtdıq. Tədbirlərə yüzlərlə insan gəlirdi, bu tədbirlər şəhərə turistlərin marağının artmasına da bir töhfə oldu. Məsələn, ötən il “mədəniyyət paytaxtı” olan Qazaxıstanın Türküstan şəhərində turist sayı iki dəfəyə yaxın artdı. Düşünürəm ki, Kastamonu da elə gözəl vəziyyətlə qarşılaşacaq. Biz indi Türkiyə Xarici İşlər Nazirliyi ilə danışıqlar aparırıq ki, açılış tədbirinə yalnız türkdilli ölkələrin deyil, həmçinin Ankarada fəaliyyət göstərən bütün xarici ölkələrin səfirləri dəvət olunsun. Bir düşünün, Türkiyədə hər kəs gəzmək üçün məsələn, İzmirə, Bodruma və s. gedir. Kastamonunu tanıyan azdır. Hətta Kastamonunun rəhbərliyi bu missiyanı öz üzərinə götürməyi o qədər çox istəyirdi ki, təcrübə əldə etmək üçün böyük nümayəndə heyəti ilə Türküstana səfər etdilər.
- TÜRKSOY qurulduğu vaxtdan Azərbaycanla sıx işbirliyi içində fəaliyyət göstərib. Qurum Azərbaycanın tanınmış şəxsiyyətlərini türkdilli ölkələrdə və dünyada tanıdır. Bu il ənənə davam edəcəkmi?
- Öncə onu qeyd etməliyəm ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 ili tamam olur. Biz TÜRKSOY olaraq bu münasibətlə Türkiyədə keçirilən bütün tədbirlərdə iştirak edəcəyik. Bildiyiniz kimi, bu il Azərbaycanın böyük bəstəkarı Qara Qarayevin 100 yaşı tamam olur. Dekabrda TÜRKSOY Daimi Şurasının toplantısında bu yubiley münasibətilə 2018-ci il TÜRKSOY-a üzv ölkələrdə “Qara Qarayev ili” elan edildi. Həmçinin qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyi və qazax şairi Mağjan Jumabayevin 125 illiyi 2018-ci ildə TÜRKSOY tərəfindən xatirə ili kimi qeyd ediləcək. Bu yubileylər türkdilli cümhuriyyətlərdə tədbirlərlə qeyd olunacaq.
Əvvəlki illərdən fərqli olaraq, bu il həm də Türk dünyasının həyatda olan məşhur insanları silsiləsindən təqvim hazırladıq. Təqvimdə Azərbaycandan üç ad var: yazıçı Anar, musiqiçi Arif Babayev və rəssam Tahir Salahov. Onların hər biri öz əməyi, istedadı ilə Azərbaycanı tanıdır və parlaq şəkildə təmsil edirlər. Bu həm də Türk dünyasına xidmət deməkdir və bunu qiymətləndirmək lazımdır. Əvvəlki illərdə olduğu kimi, builki fəaliyyətlərimizdə də yenə Azərbaycana daha çox yer vermişik. Azərbaycanın Qafqazda yeganə müstəqil türkdilli dövlət kimi üzərinə böyük məsuliyyət düşür. Bölgədəki Qafqaz xalqlarının mədəni əlaqələrinə dəstək verilməsi mühüm bir məsələdir. Məsələn, kumık, noqaylar tez-tez dəstək baxımından çatışmazlıq hiss edirlər. Əgər TÜRKSOY olmasa, onlara kim kömək edər. Gələnləri ofisimizdə qəbul edir, tədbirlərini keçiririk.
- Bu il həm də TÜRKSOY-un qurulmasının 25-ci ili tamam olur. Yubiley ili çərçivəsində hansı tədbirlərin keçirilməsi nəzərdə tutulub?
- Bütün tədbirlərimiz TÜRKSOY-un 25 illiyi çərçivəsində olacaq. İki il öncə türk cümhuriyyətlərinin müstəqilliklərinin 25 illiyini qeyd etdik. Bu il əsas yubiley tədbirimizi Türk dünyası üçün əlamətdar gündə - 3 oktyabrda keçirmək istəyirik. Bildiyiniz kimi, 3 oktyabr - “Türkdilli xalqların həmrəyliyi günü”dür. 2009-cu ilin həmin tarixində Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb. 2010-cu ildə də Türk Şurasının İstanbul sammitində bu gün təsis olunub. Biz də həmin gündən tədbirlərimizə start verəcəyik. Eyni zamanda yubiley tədbirimizi tərəfdaşımız olan UNESCO ilə birlikdə Parisdə də keçirməyi düşünürük.
- Kastamonu şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı təqdimat keçirilib. Rəsmi açılış tədbiri nə vaxt olacaq?
- Bu tədbiri də ənənəvi olaraq Novruz bayramında keçirməyi nəzərdə tutmuşuq. Açılış tədbirinə Türk dünyası və Avropadan çoxlu nümayəndələr, sənətçilər gələcək. Əvvəllər bu olmayıb. Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş da bu layihəyə həssas yanaşır. İnanıram ki, nazirliklə tərəfdaşlıq çərçivəsində gözəl layihələr reallaşdıra biləcəyik.
Mehparə Sultanova
Ankara