İlin birinci yarısında nəzərdə tutulan tədbirlər 
   
   Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi və nazirliyin nəzdində fəaliyyət göstərən Milli Turizm Təbliğat Bürosu tərəfindən Bakı şəhərinin və Azərbaycanın regionlarının 2018-ci il üçün turizm təqvimi hazırlanıb.    
   Turizm Şurasının üzvləri ilə razılaşdırılan təqvim ölkənin rəsmi turizm saytları olan azerbaijan.travel və salambaku.travel səhifələrində yerləşdirilib.
   İstifadəçilər maraqlarına uyğun olaraq ölkəmizdə təşkil olunacaq festival, sərgi, idman, konsert və digər tədbirlərlə bağlı məlumatlarla tanış ola bilərlər. 
   Hər il olduğu kimi, bu il də ölkəmizdə turistik yöndən çoxsaylı tədbirlərin keçirilməsi gözlənilir. Bunu turizm təqviminin ilin birinci yarısı üzrə siyahısından da görmək mümkündür.
   Beləliklə, fevralın 17-dən 24-dək Şahdağ Turizm Mərkəzində “Aralıq dənizi mətbəxi festivalı” keçiriləcək. Festival iştirakçılarını türk, ispan, yunan, Mərakeş, qərbi İtaliya, Cənubi Fransa mətbəxinin nümunələri, əyləncəli tədbirlər və konsert proqramları gözləyir. “Şahdağ”da daha bir mətbəx festivalı martın 9-19-da keçiriləcək. Bu festival İtaliya mətbəxinə həsr olunub.
   Martın 19-dan başlayaraq Novruz bayramı tətili günlərində Dənizkənarı Milli Parkda, eləcə də ölkəmizin bütün şəhər və rayonlarında müxtəlif mərasimlər təşkil olunacaq. Qeyd edək ki, hər il xüsusilə Bakıda keçirilən Novruz tədbirləri yerli sakinlərlə yanaşı, xarici turistlərin də marağına səbəb olur. Həmin günlərdə ölkəyə gələn xarici turistlərin də sayında ciddi artım qeydə alınır.
   Paytaxt Bakı 5-7 aprel tarixində regionun ən böyük turizm sərgisinə - Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisinə (AİTF 2018) ev sahibliyi edəcək. Bundan əlavə, aprelin 1-3-də Sumqayıtda Qutab festivalının keçirilməsi nəzərdə tutulur. Aprelin 15-də isə növbəti - üçüncü Bakı Şopinq Festivalı başlayacaq. 
   Bu il ölkəmizdə təşkil olunacaq müxtəlif idman tədbirləri də turizm təqvimində əksini tapıb. Aprelin 27-dən 29-dək Formula 1 Azərbaycan Qran-prisi, aprelin 30-da “Bakı Marafonu - 2018”, mayın 3-7-də “Tour d’Azerbaidjan” velosiped yarışının keçirilməsi nəzərdə tutulub.
   Mayın 1-də Tərtərdə, iyunda isə Goranboyda Ərik festivalı, mayın 5-də Lənkəranda Çay festivalı, iyunun 15-də Xaçmazda III Beynəlxalq Dolma Festivalı planlaşdırılır. İlin ikinci yarısında da paytaxt Bakıda və bölgələrdə maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Daha ətraflı məlumatları turizm təqvimindən əldə etmək olar.
   Milli Turizm Təbliğat Bürosundan aldığımız məlumata görə, turizm təqvimi mütəmadi olaraq yenilənəcək. Gələcəkdə təqvimin tədbirlərə biletlərin onlayn satışını həyata keçirən qurumların veb səhifələrinə inteqrasiyası da nəzərdə tutulub. Bu da yerli və xarici turistlərin təqvimlə tanış olduqdan sonra bilet əldə edə bilmələrinə yardımçı olacaq. 
   Qeyd edək ki, ölkə üzrə turizm təqvimi ilə , Bakı şəhəri üzrə təqvimlə linkləri vasitəsilə tanış olmaq olar. Saytlar ingilis və rus dillərində fəaliyyət göstərir, həmçinin mobil versiyaya uyğunlaşdırılıb.
   
   Fariz Hüseynov