2018-ci ilin may ayında Heydər Əliyev Sarayında “Səyyah Sindibad” rok-operası təqdim olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ərsəyə gələn əsərin müəllifi bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanovdur. Opera “Min bir gecə nağılları”nın ən maraqlı hissələrindən olan “Dəniz səyyahı Sindibadın nağılı”nın motivləri əsasında yazılıb.
Multikultural layihə olan rok-operada dünya klassiklərinin şeirlərindən nümunələr, Azərbaycan, rus, ingilis, italyan, çex dilində mətnlər, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın şeirləri yer alıb. Rok-operada Mikayıl Rəfiyev (Sindibad), Gülşən İbadova (Zöhrə), Emil Minyaşev (Qoruyucu mələk), Rizvan Sədirxanov (Bosman) çıxış edirlər. Həmçinin tanınmış musiqiçilər Azər Rza, Cavid Səmədov, Şamil Kərimov, Yuliya Motorina, Mila Rzayeva, İsmayıl Yakubov, İlham Nəzərov, Nərgiz Əlizadə, Ədalət Şükürov və digərləri layihədə yer alıb. Musiqi prodüseri Emil Minyaşev, rəssamı Marina Kuznetsovadır. Ariyaların mətnləri Leyla Əliyeva, Azad Hacıyev, Rafael Hüseynov, Alessandro Milani, İosef Sladek, Şəmsi Qacar, Nikolay Qumilyov və başqalarına məxsusdur. Musiqinin bir çox janrlarının yer aldığı bir saat 40 dəqiqəlik əsər musiqisevərlər tərəfindən böyük maraqla qarşılanacaq.
Azərbaycan musiqisində yenilik olan əsərin müəllifi Rizvan Sədirxanov ölkəmizdən kənarda musiqi sənətimizin layiqli nümayəndəsi kimi tanınır. Dəfələrlə nüfuzlu vokal müsabiqələrinin qalibi, dramatik tenor Rizvan Sədirxanov İtaliyada vokal təhsili alıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə dünya klassik musiqisinin inciləri, Azərbaycan və xarici ölkə şairlərinin sözlərinə bəstələnmiş müxtəlif dillərdə mahnıların toplandığı “Səmimi qəlbdən” və “Şairin ürəyi” adlı iki musiqi albomu işıq üzü görüb. İtaliya, Rusiya, Türkiyə və İsraildə konsertləri, müxtəlif musiqi tədbirlərində çıxışları, ustad dərsləri olub. Tələbələri dünyanın musiqi akademiyalarında təhsil alır və opera səhnələrində çıxış edirlər.