Azərbaycanda alman turistləri maraqlandıran turizm məhsulları və növləri var
   
   Fevralın 13-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Almaniyanın “Wiese Consult” şirkətinin rəhbəri Hayno Vize (Heino Wiese) ilə görüşüb.    
   Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.
   Nazir Əbülfəs Qarayev Almaniyada Azərbaycanın turizm potensialının təbliği üzrə aktiv fəaliyyət aparıldığını, mütəmadi olaraq mədəniyyət və turizm tədbirlərində ölkəmizin təmsil olunduğunu qonağın diqqətinə çatdırıb. Ölkəmizdə alman turistləri maraqlandıran turizm məhsulları və növlərinin mövcud olduğunu bildirən nazir, gələcəkdə də bu işlərin davam etdirilməsi üçün iki ölkənin turizm şirkətləri ilə qarşılıqlı görüşlərin keçirilməsini təklif edib. Əbülfəs Qarayev “ASAN Viza” sisteminin tətbiqinin ölkəmizə gələn turistlər üçün çox əlverişli və rahat olmasından da söhbət açıb.
   Qonaq səmimi qəbula görə nazirə təşəkkürünü bildirib və Azərbaycanla birgə əməkdaşlıqdan yüksək məmnunluğunu ifadə edib. Azərbaycanın turizm sahəsində əlverişli şəraitə, müasir arxitekturaya, gözoxşayan landşafta və mədəni sərvətlərə malik olmasından xəbərdar olduğunu deyən “Wiese Consult” şirkətinin rəhbəri ölkəmizin turizm potensialının Almaniyada təbliğ olunması ilə bağlı birgə layihələrin həyata keçirilməsi üçün işçi qaydada müzakirələr aparılacağını qeyd edib. Hayno Vize 2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin 200 illiyinin ölkəmizdə yüksək səviyyədə qeyd olunmasından söz açıb, Azərbaycanın qərb bölgəsində salınmış alman məskənlərində ikitərəfli tədbirlərin bundan sonra da həyata keçiriləcəyini bildirib.