Fevralın 9-da Beynəlxalq Mətbuat Mərkəzində TÜRKSOY tərəfindən türkdilli ölkələrin müstəqilliyinin əldə olunmasının 25 illiyinə həsr olunmuş xatirə medallarının təqdimatı olub.
Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək rəhbərlik etdiyi qurumun gördüyü işlərdən danışıb. Bildirib ki, bu il Türk dünyasında bir sıra əlamətdar hadisələrlə zəngindir. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü, görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100-cü, Türk dünyasının məşhur yazıçısı Çingiz Aytmatovun anadan olmasının 90-cı, TÜRKSOY-un isə yaranmasının 25-ci ildönümüdür. Türkiyənin Kastamonu şəhəri təşkilat tərəfindən 2018-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.
Baş katib qeyd edib ki, bununla bağlı türk dövlətlərində il ərzində bir sıra tədbirlər keçiriləcək. TÜRKSOY türk xalqlarının mədəni əlaqələrinin gücləndirilməsində səylərini davam etdirəcək.
Sonra Türk dünyasının mədəniyyətinə verdiyi töhfələrə görə SSRİ Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın Xalq artisti Rauf Abdullayev, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev və müğənni Roza Zərgərli TÜRKSOY-un xatirə medalları ilə təltif olunublar.
Tədbirdə çıxış edən təltiflilər TÜRKSOY-un həyata keçirdiyi mədəniyyət layihələrini Türk dünyasının birlik çağırışına real nəticələr bəxş edən amil kimi dəyərləndiriblər və fəaliyyətlərinə verilən yüksək qiymətə görə qurumun rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.