Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti, görkəmli teatr və kino aktyoru Zərnigar Ağakişiyevanın anım mərasimi keçirilib.
Mərasimdə teatrın rəhbərliyi və kollektivi ilə yanaşı, xalq artistləri Şəfiqə Məmmədova, Arif Quliyev və başqaları iştirak ediblər.
Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Zərnigar Ağakişiyevanın Azərbaycan teatrının və kinosunun inkişafında xidmətlərindən danışıb. Qeyd edib ki, aktrisa uzun illər Milli Dram Teatrında çalışıb, bir-birindən maraqlı rolları ilə tamaşaçıların sevgisini qazanıb: “Biz Zərnigar xanımın timsalında çox istedadlı, görkəmli aktrisamızı itirmişik. Zərnigar Ağakişiyeva bütün həyatını teatra həsr edib. Onu ötən əsrin 60-cı illərindən tanıyırdım. Mən Əliheydər Ələkbərovla bir kursda çalışırdım. Sonra Əliheydər müəllimin səhhətində problem yarandı, dərslərə gələ bilmədi, onun kursunu mənə həvalə etdilər. Həmin kursda Zərnigar xanım da var idi. Qürur duyuram ki, həmin kursdan Azərbaycan teatrına Yaşar Nuri və Zərnigar Ağakişiyeva kimi aktyorlar gəldilər. Allah Zərnigar xanıma rəhmət etsin, ruhu şad olsun. Onun xatirəsi hər zaman qəlbimizdə yaşayacaq, onu həmişə hörmət və ehtiram hissi ilə yad edəcəyik”.
* * *
Xalq artisti Zərnigar Ağakişiyeva fevralın 9-da Qubada dəfn olunub.
Şəhər qəbiristanlığında keçirilən dəfn mərasimində mərhumun sənət yoldaşları, qohumları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və Quba sakinləri iştirak ediblər. Mərhumun məzarı önündə Mədəniyyət və Turizm Nazirliyi, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi, digər qurumlar adından əklillər qoyulub.