Bakıdan Monteneqronun Tivat şəhərinə çarter reysləri bu sahədə yeni imkanlar açacaq
Bu il iyulun 5-dən sentyabrın 13-dək “PASHA Travel” şirkətinin struktur bölməsi olan “PASHA Holidays” Monteneqronun Tivat şəhərinə çarter reysləri təşkil edəcək.
Bununla əlaqədar fevralın 8-də “JW Marriot Absheron” hotelində Avropanın bu turizm regionu ilə bağlı təqdimat mərasimi keçirildi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Turizm Təbliğat Bürosunun və ölkəmizin turizm şirkətlərinin nümayəndələri iştirak edirdi.
“PASHA Travel” şirkətinin baş icraçı direktoru Anar Rəhmanov və şirkətin əməliyyatlar üzrə icraçı direktoru Florian Senqsşmit Monteneqronun Tivat şəhərinə çarter reyslərinin açılmasının əhəmiyyətindən danışdılar. Qeyd edildi ki, bu reyslərin təşkil olunması ölkələr arasında qarşılıqlı turist səfərlərinin artırılması baxımından vacib addımdır.
Xorvatiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Refik Şabanoviç öz ölkəsinin, eləcə də Azərbaycanın və Monteneqronun turizm imkanlarından danışdı. Bildirdi ki, hər üç ölkənin turizm potensialı böyükdür. Bu sahədə əməkdaşlıq ölkələrin mədəni və iqtisadi həyatına müsbət təsir göstərəcək.
Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev çıxışında Bakı-Tivat aviareysinin “Azərbaycan Hava Yolları” QSC-nin təyyarələri vasitəsilə həyata keçiriləcəyini dedi. Qeyd etdi ki, reysin fəaliyyətə başlaması iki ölkənin xalqlarını bir-birinə daha yaxın edəcək, turizmin inkişafına səbəb olacaq. O, həmçinin Monteneqronun Azərbaycana vizasız rejim tətbiq etdiyini də diqqətə çatdırdı.
Daha sonra Monteneqro Milli Turizm Təşkilatının direktor müavini Maya Lijeseviç ölkəsinin turizm potensialı haqqında təqdimatla çıxış etdi. Bildirdi ki, Monteneqronun ərazisi kiçik olsa da, böyük turizm potensialı var: “Tivat Adriatik dənizi sahilində kiçik şəhərdir. Tarixi abidələri, gözəl çimərlikləri ilə tanınır. Monteneqronun turizm mərkəzi isə Budva şəhəridir. Ölkəmizin ən çox ziyarət edilən şəhəri olan Budva tarixi məkanları ilə seçilir”.
“PASHA Travel” şirkətinin biznes və istirahət turizmi üzrə direktoru Pərvanə Ağayeva da bu ölkənin turizm imkanları və xidmətlər barədə təqdimatla çıxış etdi.
Həmçinin təqdimat çərçivəsində Azərbaycanla Monteneqro və Xorvatiya arasında ikitərəfli turizm sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə olundu. Qarşılıqlı turist səfərlərinin artırılması istiqamətində gələcək əməkdaşlıq məsələlərindən danışıldı.
Fariz Hüseynov