Azərbaycanda əlyazmaların toplanması, araşdırılması və nəşrində böyük xidmətlər göstərən görkəmli alimlərimizin sayı o qədər də çox deyil. Bu sahədə araşdırma aparanların arasında tanınmış mətnşünas alim, Əməkdar elm xadimi, professor Cahangir Qəhrəmanovun özünəməxsus yeri var. 
   Cahangir Vahid oğlu Qəhrəmanov 10 fevral 1927-ci ildə Qəbələ şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Uşaq ikən valideynləri Bakıya köçür. O, 1945-ci ildə 132 saylı orta məktəbdə təhsilini başa vuraraq Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olunur. 1951-1955-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında oxuyur. “Azərbaycan ədəbi dilində fəlsəfə terminləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. Bir neçə il indiki Bakı Slavyan Universitetində baş müəllim və dosent vəzifəsində işləyir. Gənc alimin qədim mənbələrə, xüsusilə də əlyazmalara olan dərin marağı onu 1960-cı ildə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fonduna gətirir. Sonra əbədi olaraq taleyini bu institutla bağlayır. Əlyazmalar Fondunda çalışdığı vaxtlarda anadilli yazılı abidələrimizə maraq göstərir. 1964-cü ildə XV əsr Azərbaycan tərcümə abidəsi “Əsrarnamə”nin fotofaksimile çapını linqvistik oçerk və sözlüklə birgə nəşr etdirir. 
   Alimin mətnşünaslıq sahəsində ən böyük uğuru isə mütəfəkkir şair İmadəddin Nəsiminin türkcə divanının elmi-tənqidi mətninin tərtibi və nəşridir. Bu nəşrin əhəmiyyəti onda idi ki, alim divanın tərtibində Nəsiminin Bakı, Sankt-Peterburq, Daşkənd və İrəvan şəhərlərində saxlanılan əlyazmalarından, əski çap kitabları və başqa qaynaqlardan yararlanmışdı. Bu dəyərli araşdırma ilə hürufi şairin elm aləminə bəlli olmayan bir sıra əsərləri ilk dəfə üzə çıxarılmışdı. Tədqiqatçı bununla Azərbaycan elmində linqvistik mətnşünaslığın əsasını qoyub. Sonralar onun bilavasitə rəhbərliyi ilə yerinə yetirilən bir sıra mətnşünaslıq yönlü araşdırmalarda bu məsələyə geniş yer ayrılıb. 
   AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu alimin şöhrətinin ölkəmizdən uzaqlara gedib çıxdığını yazır: “1978-ci ildə Moskvada elmi ezamiyyətdə idim. Məşhur türkoloq alim, professor Əmir Nəcibin evində olarkən alimin masaüstü kitabları sırasında Cahangir müəllimin “Nəsimi “Divan”ının leksikası” kitabını da gördüm. 2005-ci ildə isə Təbrizdə İranın məşhur ədəbiyyatşünas alimi “Süxənvərani-Azərbaycan” (“Azərbaycanın söz ustaları”) kitabının müəllifi Əziz Dövlətabadi ilə görüşdüm. O, professor Cahangir Qəhrəmanovun adını böyük ehtiramla çəkdi”.
   C.Qəhrəmanovun nəşr etdirdiyi kitablar sırasında Nemətullah Kişvəri (XV əsr), Suli Fəqih (XIV), Mustafa Zərir (XIV) və Məhəmməd Füzuli kimi söz ustalarının, görkəmli ədəbiyyatşünas kimi tanınan Hüseyn Əfəndi Qayıbov kimi sənətkarların əsərləri əhəmiyyətli yer tutur.
   Bacarıqlı, işgüzar elm təşkilatçısı olan alim 1972-ci ildən başçılıq etdiyi Əlyazmalar Fondunun 1986-cı ildə ayrıca elmi tədqiqat institutuna çevrilməsində böyük fədakarlıq göstərib. İşgüzarlığı sayəsində institutun fondu daim zənginləşib və beynəlxalq əlaqələri genişlənib. Elmi müəssisəyə cəlb olunan gənc və yüksəkixtisaslı mütəxəssislərin apardıqları elmi tədqiqat işlərinin səviyyəsi də yüksəlib. Çünki o, müəssisəyə rəhbərlik etdiyi ilk illərdə peşəkar kadr hazırlığına da xüsusi diqqət yetirmişdi. Onun elmi rəhbərliyi ilə 19 nəfər namizədlik dissertasiyası müdafiə etmişdi. Alim həmçinin iki doktorluq işinin elmi məsləhətçisi olmuşdu.
   Azərbaycanda əlyazmaşünaslıq, paleoqrafiya (qədim yazılı abidələrin müəllifinin müəyyən edilməsini, tarixini, yerini və qrafik formalarını öyrənir - red.) kimi yeni elm sahələrinin inkişafında professor C.Qəhrəmanovun böyük xidmətləri olub. Ötən əsrin 70-80-ci illərində onun təşəbbüsü və rəhbərliyi ilə diqqətdən kənarda qalan bir sıra dəyərli əlyazmalar haqqında məqalələr, kitablar yazılıb. Orta əsrlərdə yaşayıb-yaratmış Əbdülhadi Bəvazici, Xətai Təbrizi, Həzini, Şərəfəddin Rami Təbrizi, Möhsün Nəsiri kimi Azərbaycan alim, tərcüməçi və şairlərinin əsərləri, əlyazmaları haqqında araşdırmaları buna misal göstərmək olar.
   Mənalı ömrünün yarıdan çoxunu mətnşünaslıq elminə həsr edən Cahangir Qəhrəmanov 26 iyun 1995-ci ildə dünyasını dəyişib. 
   
   Savalan Fərəcov