“The Washington Times” qəzetində ölkəmizə səyahət barədə məqalə dərc olunub
   
   “The Washington Times” qəzetində “Azərbaycana səfər. Bakıda və ölkə boyunca gediş-gəliş” sərlövhəli məqalə dərc edilib. Materialda bildirilir ki, 2017-ci il Azərbaycanın əsas gəliş-gediş məntəqəsi, ölkənin ən iri hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportu üçün rekord ili olub: keçən il bu aeroport 4 milyon sərnişinə xidmət edib. Bu, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 23 faiz çoxdur. 
   Məqalədə qeyd edilir ki, 2014-cü ildən etibarən Azərbaycana gələn ABŞ vətəndaşları üçün xüsusi rahat xidmətlər təqdim edilir: Nyu-Yorkdakı Con Kennedi adına aeroportdan (JFK) birbaşa reyslə Bakıya uçanlar hava limanına çatandan sonra birdəfəlik qısamüddətli viza ala bilərlər. Bildirilir ki, Azərbaycan daxilində səyahət etmək üçün avtomobilləri kirayə götürmək də mümkündür.
   “Azərbaycan Hava Yolları” yaxınlarda yeni daxili reyslər açıldığını elan edib.
   Məqalədə Azərbaycanın digər gözəl şəhərlərinə və mənzərəli guşələrinə, o cümlədən Gəncə, Qəbələ və Şəkiyə getmək də məsləhət görülür.
   Azərbaycanda avtobusda səyahətə çıxmaq geniş yayılıb. Bundan əlavə, ölkə daxilində səyahət üçün münasib qiymətlə dəmir yolu xidmətlərindən də istifadə etmək olar.