Fevralın 14-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) görkəmli memar, Beynəlxalq Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü, professor Davud Axundovun 100 illik yubileyinə həsr edilmiş “Memarlıq irsinin tədqiqi və mühafizəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
AzMİU, Təhsil Nazirliyi və Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı ilə reallaşan konfransda yerli mütəxəssislərlə yanaşı, xarici ölkələrdən qonaqlar da iştirak ediblər. Konfransda Qafqaz Albaniyasının memarlıq irsi, Azərbaycanın memarlıq abidələrinin tədqiqi və qorunması, memarlıq abidələrinin müasir şəraitdə istifadəsi və digər məsələlər müzakirə olunub.
Əvvəlcə tədbir iştirakçıları universitetin Memarlıq fakültəsinin foyesində alimin layihələrindən, elmi araşdırmalarından, kitablarından ibarət sərgi ilə tanış olublar.
Konfransda AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova görkəmli alimin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Qeyd edilib ki, D.Axundov 1918-ci ildə Bakı şəhərində, Azərbaycanın ilk diplomlu elektrik-mühəndisi olmuş, Belçika Lyej Kral Universitetini bitirmiş ziyalı Ağa Axundovun ailəsində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra 1937-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Memarlıq-inşaat fakültəsinə daxil olub, 1942-ci ildən layihəçi-memar kimi əmək fəaliyyətinə başlayıb.
Alimin elmi və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib, o, 1982-ci ildə “Azərbaycan SSR-in Əməkdar ali məktəb işçisi” fəxri adına layiq görülüb, “Azərbaycanın qədim və erkən orta əsrlər dövrü memarlığı” monoqrafiyası 1990-cı ildə Dövlət mükafatına layiq görülüb. 1992-ci ildə Beynəlxalq Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü seçilib. D.Axundov 2000-ci ildə “Şərəf” ordeni ilə təltif edilib, Prezident təqaüdçüsü olub. 2003-cü ildə dünyasını dəyişib.
Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri Elbay Qasımzadə, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Daşkənd Memarlıq və İnşaat Universitetinin (Özbəkistan) professoru Muhammed Əhmədov alimlə bağlı xoş xatirələrini söyləyiblər.
Sonda D.Axundovun oğlu Cəmil Axundov atasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.
Konfrans işini bölmə iclasında davam etdirib.