2018-ci ilin ilk ayında “Türk Hava Yolları” (THY) aviaşirkəti əvvəlki illərin yanvar ayları üzrə yüklənmə səviyyəsinin rekord göstəricisinə müvəffəq olub.
Şirkət tərəfindən daşınan sərnişinlərin sayı əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 37 faiz artaraq 5,7 milyona çatıb. Həm daxili, həm də beynəlxalq reyslərdə yüklənmə səviyyəsi “Türk Hava Yolları”nın tarixində rekorda çatıb.
Ötən ilin iyul ayında başlayan tələbatın ikirəqəmli artımı yanvarda 29 faizlik artım ilə davam edib. Beynəlxalq aviareyslər üzrə sərnişindaşıma (tranzit sərnişinlər istisna olmaqla) 45 faiz artıb.
Artım əsasən Yaxın Şərq (45 faiz), daxili reyslər (44 faiz) və Avropanın (39 faiz) hesabına baş verib. Şimali Amerika, Yaxın Şərq, Mərkəzi Amerika, Cənubi Amerika və Afrikaya reyslərin yüklənmə səviyyəsi müvafiq olaraq 13 faiz, 1 faiz, 9 faiz və 8 faiz bəndi artıb.
Qeyd edək ki, THY hazırda 302 istiqamət üzrə uçuşlar həyata keçirir. Bu sırada, həmçinin həftədə 5 dəfə olmaqla Azərbaycan üzrə 3 istiqamətdə uçuşlar var. Aviaşirkət Bakıya uçuşlarını “Airbus A321” təyyarələri ilə edir. Eyni zamanda həftədə 2 dəfə olmaqla Pakistanın paytaxtı İslamabada uçuşları Bakı üzərindən yerinə yetirir.