İndoneziya Universitetində Azərbaycan mədəniyyəti mərkəzi açılacaq
   
   Ölkəmizdə İndoneziya üzrə ilk mütəxəssis olan dilçi alim Həbib Zərbəliyev 1953-cü ildə Salyan rayonunun Xurşud kəndində anadan olub. 1976-cı ildə Leninqrad (Sankt-Peterburq) Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə daxil olub. Sonra öyrənir ki, fakültədə İndoneziya filologiyası bölməsi var və bu bölmədə oxumağa başlayır.    
   Təkcə İndoneziya dilini deyil, həm də malay, ərəb, ingilis, holland, sanskrit, fars dillərini dərindən öyrənir. V kursda Həbibin yazdığı diplom işi mütəxəssislərin diqqətini cəlb edir. 1981-ci ildə diplom müdafiəsindən sonra o, SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Moskva şöbəsindən həmin işi çap etdirmək təklifi alır. Tədqiqat İndoneziyanın o vaxtlar SSRİ-də hələ heç kim tərəfindən öyrənilməmiş minanqkabau dilinə həsr olunmuşdu. Müəllif əsərin üzərində sonradan daha ciddi işləyir və o, 1987-ci ildə Moskvada çap olunur. 
   Bu arada Həbib universitetdə dərs deməklə yanaşı, namizədlik dissertasiyası üzərində də işləyir, 1985-ci ildə "Avstroneziya dillərində saylar" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. 1987-ci ildə alim Hollandiyada indoneziyaşünaslığın mərkəzi sayılan Leyden Universiteti ilə əlaqələr qurur. Bir müddət sonra universitetə dəvət alır. Orada elmi araşdırmalar aparır, mühazirələr oxuyur. 
   1991-ci ildə H.Zərbəliyev Avropada fəaliyyətini başa vurub Bakıya - Dilçilik İnstitutuna qayıdır. 1997-ci ildə özünün növbəti fundamental tədqiqatını çap etdirir. "Sayların və say konstruksiyalarının tipologiyası" adlı monoqrafiyada o, üç yüzdən artıq dilin materialları əsasında sayları tədqiq edib, saylar əsasında dillərin bir sıra universal xüsusiyyətlərini müəyyənləşdirir. Həmin il onun "Müasir İndoneziya ədəbiyyatı antologiyası" adlı dərs vəsaiti çapdan çıxır. Alim hələ Leninqradda yaşayarkən İndoneziya dilindən bir neçə hekayəni türkcəmizə çevirib. 
   2001-ci ildə H.Zərbəliyev Malayziyanın Dil və Ədəbiyyat İnstitutuna dəvət olunur. Orada ölkə hökumətinin maliyyələşdirdiyi layihə üzrə "Malay və Azərbaycan dillərində ərəb və fars alınmalarının fonetik xüsusiyyətləri" mövzusunda tədqiqat aparır. Sonrakı illərdə Malayziyada elmi konfrans və seminarlarda məruzələrlə çıxış edir. 
   2006-cı ildə Həbib müəllimin təşəbbüsü ilə Azərbaycan Dillər Universitetində (ADU) İndoneziya bölməsi açılıb. 2016-cı ildən eyni zamanda İndoneziyanın Qacah Mada Universitetində hər il bir semestr Azərbaycan multikulturalizmi fənnini tədris edir. Azərbaycanda İndoneziya dili və ədəbiyyatının tədrisi və tədqiqi sahəsində xidmətlərinə görə professor H.Zərbəliyev bu ölkənin "Mədəniyyət sahəsində xidmətlərinə görə" ordeninə, başqa təltiflərə layiq görülüb.
   Bu yaxınlarda İndoneziyadan qayıdan alim bir aydan artıq davam edən səfəri barədə danışdı: “Məni İndoneziyaya 42 illik zaman bağlayır. Dost ölkəyə səfərim İndoneziya Universiteti, Pacacaran Universiteti ilə ADU arasında əməkdaşlığa dair memorandumun imzalanması ilə bağlı idi. Hər iki universitetlə tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar aparılması barədə razılıq əldə olunub. ADU-nun rektoru, akademik Kamal Abdullayev İndoneziya Universitetində Azərbaycan mədəniyyəti mərkəzinin açılması və həmin universitetdə Azərbaycan multikulturalizmi fənninin tədrisi barədə təklif irəli sürmüşdü. Təklif qəbul olundu və mən səfər zamanı İndoneziya Universitetində mərkəzin yaradılması üçün ilkin hazırlıq işlərini başa çatdırdım. Mərkəzin açılışı aprel ayında olacaq”.
   
   S.Qaliboğlu