Bolqarıstan paytaxtı Sofiyada 14-16 fevral tarixində keçirilmiş “Holiday&SPA EXPO” 35-ci Beynəlxalq turizm sərgisində ölkəmiz də milli stendlə təmsil olunub. Stendimiz Azərbaycanın Bolqarıstandakı səfirliyi, Azərbaycan Turizm Assosiasiyası və “Buta Airways” şirkətinin birgə təşkilatçılığı ilə qurulub.
Səfirlikdən verilən məlumata görə, "İnter Expo" mərkəzindəki sərgidə Azərbaycan xalçaları ilə bəzədilmiş milli stenddə tədbir iştirakçıları və ziyarətçilərə ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, turizm mərkəzləri, “Breeze Travel” şirkəti tərəfindən hazırlanmış 7 günlük tur-paketlərlə bağlı məlumat verilib, Azərbaycanın mətbəx və mədəniyyətini əks etdirən broşür və suvenirlər paylanıb.
Stenddə Azərbaycan istehsalı olan şərabların dequstasiyası və milli şirniyyatların təqdimatı da keçirilib.
Qeyd edək ki, Bolqarıstan Turizm Nazirliyinin himayəsi altında və Sofiya şəhər bələdiyyəsinin tərəfdaşlığı ilə hər il təşkil edilən “Holiday&SPA EXPO” ölkədə keçirilən ən böyük turizm sərgisidir.