Kastamonuda “Mağcan Cumabay anma ili”nin açılışı və TÜRKSOY-un media mükafatının təqdimatı olub
Fevralın 16-da 2018-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Türkiyənin Kastamonu şəhərində məşhur qazax şairi Mağcan Cumabayın 125 illiyi münasibətilə elan olunan “anma ili”nin açılışı və TÜRKSOY-un media mükafatının növbəti təqdimatı keçirildi.
Mərasimdən öncə müxtəlif ölkələrdən gələn media nümayəndələri və Qazaxıstan heyətinin şəhərin bələdiyyə başqanı Tahsin Babaş və Kastamonu valisi Yaşar Karadeniz ilə görüşləri oldu. Görüşlərdə TÜRKSOY-un həyata keçirdiyi layihələrdən bəhs edildi, “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin önəmindən söz açıldı.
Həmin gün axşam Kastamonu Bələdiyyəsinin konfrans salonunda gerçəkləşən mərasimə Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qazaxıstandan rəsmilər və sənətçilər, digər qonaqlar qatılmışdı.
Mərasimdə çıxış edən Düsen Kaseinov “Türk dünyasında birlik və həmrəylik ruhunu gücləndirməyə və qardaşlığımızı göstərməyə ehtiyacımız var” deyərək bir əsr əvvəl böyük qazax şairi Mağcan Cumabayın topladığı yardımlar, yazdığı şeirlərlə Anadoludakı qardaşlarına həm maddi, həm də mənəvi dəstək olduğunu xatırlatdı. Bildirdi ki, M.Cumabay qazaxların Abaydan sonra böyük şairi olub: “O, milli oyanışa, qurtuluş mübarizəsinə güc verən aydındır. Balkanlar, Çanaqqala və Qurtuluş müharibələrində vuruşan osmanlıların iztirabını qəlbində daşıyan şair qan qardaşı Anadolu türklərinin acısını 1918-ci ildə qələmə aldığı “Uzaqdakı qardaşıma” adlı şeiri ilə bölüşüb. Bugünkü nəsil qardaşlıq bağının nə qədər əhəmiyyətli olduğunu Mağcanın şeirində görür”.
Sovet dövründə şairin öz ölkəsində əsərləri qadağan olunarkən Anadolu torpaqlarında yayıldığını deyən D.Kaseinov bildirdi ki, müstəqillikdən sonra M.Cumabayın xaricdə ilk heykəli Ankarada qoyulub: “Türkiyə türklərinin göstərdiyi bu hörmət bütün qazaxları qürurlandırır”.
Vali Yaşar Karadeniz çıxışında Kastamonunun “Türk dünyasının mədəniyyət paytaxtı” olmasının şəhərə və bölgəyə böyük bir dəyər qatacağını vurğuladı. Qeyd etdi ki, Kastamonu bu cür tədbirlərlə həm tanınacaq, həm də Türk dünyasını yaxından tanıdacaq. O, görkəmli qazax şairinin 125 illiyinin TÜRKSOY tərəfindən qeyd olunmasının əhəmiyyətini diqqətə çatdırdı: “Türkiyədə milli şair Mehmet Akif Ersoy kimdirsə, Qazaxıstanda da Mağcan Cumabay odur. Mədəniyyəti inkişaf etdirərkən milli şüuru da inkişaf etdirmək üçün belə ədiblərin rolu və töhfəsi böyükdür”.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman da çıxışında TÜRKSOY-un reallaşdırdığı layihələrin önəminə diqqət çəkdi. Türk dünyasının ruhunu, mahiyyətini böyük şairlərin təşkil etdiyini vurğulayan nazir müavini çıxışının sonunda M.Cumabayın “Uzaqdakı qardaşıma” şeirindən misralar oxudu.
Kastamonu bələdiyyə başqanı Tahsin Babaş qazax şairi Mağcan Cumabayı qədim türk torpağında anmaqdan məmnuniyyət duyduğunu dilə gətirdi. “Mədəniyyət paytaxtı” ili çərçivəsində tədbirlərə ciddi hazırlaşdıqlarını deyən bələdiyyə başqanı bərpa etdikləri tarixi tikilini - Şeyxoğlu malikanəsini TÜRKSOY-un tədbirləri üçün açacaqlarını bildirdi.
Çıxışlardan sonra Mağcan Cumabayın həyat və fəaliyyətindən bəhs edən panel düzənləndi. “Mağcan Cumabay anma ili” açılış mərasimi qazaxıstanlı sənətçilərin düzənlədiyi ədəbi-bədii hissə ilə başa çatdı.
Tədbirin sonunda TÜRKSOY-un media mükafatının təqdimatı oldu. Türk mədəniyyətinin tanıdılması və zənginləşdirilməsinə töhfələrinə görə 10 ölkə və diyardan media orqanı və təmsilçisi mükafatlandırıldı. Azərbaycandan mükafata “Kaspi” qəzeti layiq görüldü. Mükafat qəzetin baş redaktoru İlham Quliyevə təqdim olundu.
Səfərin ikinci günü qonaqlar Kastamonu şəhərinin görməli yerləri ilə tanış oldular. Heyət yolüstü Türkiyənin ilk qış turizm təsisatlarından olan İlqaz turizm mərkəzinə də baş çəkdi. Türk dünyasının müxtəlif yerlərindən gələn nümayəndələr “mədəniyyət paytaxtı”ndan maraqlı təəssüratlarla ayrıldılar.
Mehparə Sultanova
Ankara