Fevralın 17-də Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsində Xızı-Xaçmaz Turizm və rekreasiya zonasının idarəetmə şurasının iclası keçirilib.
İclasda Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov, regional idarənin rəisi, Xızı-Xaçmaz Turizm və rekreasiya zonasının idarəetmə şurasının sədri Nazim Ağayev, şuranın Xızı, Siyəzən, Şabran və Xaçmaz rayonları üzrə əsas üzvləri və komitə üzvləri iştirak ediblər.
Şuranın qarşıda duran vəzifələri və fəaliyyət planı müzakirə olunub. İclasda çıxış edənlər Xızı, Siyəzən, Şabran və Xaçmaz rayonlarının turizm potensialı, regionda turizmin hansı növlərinin inkişaf etdirilməsi üçün şərait və imkanların olduğu barədə məlumat veriblər.
Turizm-rekreasiya zonasına daxil olan rayonlarda işin təkmilləşdirilməsi və həmin ərazilərdə olan bələdiyyələrlə işin intensivləşdirilməsi üçün təkliflər irəli sürülüb.
Həmin gün Quba Turizm və rekreasiya zonasının idarəetmə şurasının iclası da keçirilib. İclasda nazirliyin sektor müdiri M.Qəhrəmanov, Quba Turizm və rekreasiya zonasının idarəetmə şurasının sədri Elxan Məhərrəmov, aidiyyəti bələdiyyə sədrləri və şura üzvləri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2016-cı il qərarı ilə ölkənin şimal bölgəsində turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi məqsədilə Xızı-Xaçmaz, Quba, Qusar turizm və rekreasiya zonaları yaradılıb. Sözügedən qərar Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”yə uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyinin Ekologiya və Təbii Sərvətlər, Ədliyyə nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq qəbul edilib.
Qərara əsasən Xızı rayonunun 7969,22 hektar, Siyəzən rayonunun 14365,44 hektar, Şabran rayonunun 25833,78 hektar və Xaçmaz rayonunun 33832,40 hektar inzibati ərazilərində Xızı-Xaçmaz, Quba rayonunun 3729,43 hektar inzibati ərazisində Quba turizm və rekreasiya zonası, Qusar rayonunun 14546,55 hektar inzibati ərazisində isə Qusar turizm və rekreasiya zonası yaradılıb.