Ankarada COMCEC-in Turizm üzrə işçi qrupunun növbəti toplantısı olub
Türkiyənin paytaxtı Ankarada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) Turizm üzrə işçi qrupunun 11-ci iclası keçirilib. “İƏT-ə üzv ölkələrdə destinasiyaların inkişafı və təsisatlanma strategiyaları” mövzusunda tədbirə Azərbaycan, Misir, Malayziya, Səudiyyə Ərəbistanı və digər ölkələrdən turizm sahəsi üzrə dövlət qurumların, eləcə də Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının nümayəndələri və ekspertlər qatılıb. Ölkəmizi iclasda Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin məsləhətçisi Azər Orucov təmsil edib.
Tədbirdə turizmin qlobal meylləri, eləcə də tədbirin gündəliyinə uyğun olaraq turizm destinasiyalarının inkişafı, turizm təsisatlarının yaradılmasında strategiyalar və idarəetmə mövzusunda təqdimatlar olub, müzakirələr aparılıb.
İclasda həmçinin “İƏT-ə üzv ölkələrdə destinasiyaların inkişafı və təsisatlanma strategiyaları” mövzusunda aparılmış tədqiqatın nəticəsinə əsasən COMCEC-in növbəti nazirlər sammiti zamanı təsdiq edilməsi nəzərdə tutulan siyasi tövsiyələr müzakirə olunub.