2017-ci ildə Azərbaycandan İtaliyaya getmək üçün 10 mindən çox şəxsə viza verilib. Bu barədə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari Bakıda keçiriləcək "İtaliya Dizayn Günü"nün təqdimatı ilə bağlı mətbuat konfransında deyib.
Səfir bildirib ki, hazırda Azərbaycandan İtaliyaya daha çox turist gedir, İtaliyadan Azərbaycana isə nisbətən az turist gəlir. Diplomat qeyd edib ki, Azərbaycanda turizm sahəsində müşahidə olunan inkişaf bu axını artırmağa zəmin yaradır: “Düşünürük ki, zaman keçdikcə Azərbaycana gələn İtaliya turistlərinin də sayı artacaq”.
Auqusto Massari italiyalı dizayner və memarların Abşerondakı “Yanardağ" qoruğunda kompleks tikilməsi üçün layihə hazırladıqlarını da deyib. Bildirib ki, bu, əvvəlki əməkdaşlığımızın davamı ola bilər. Diplomat qoruqda yaradılacaq kompleksin həm tarix, həm də turizm baxımından əhəmiyyətini vurğulayıb.
Yeri gəlmişkən...
Parma şəhəri 2020-ci ildə İtaliyanın mədəniyyət mərkəzi olacaq. Bu barədə ölkənin mədəni irs, fəaliyyətlər və turizm naziri Dario Françeski məlumat verib. Seçimi aparan münsiflər heyəti Parmanı yerli mədəniyyətlərə əsaslanan planlaşdırmanın effektiv və son dərəcə yüksək keyfiyyətli nümunəsi adlandırıb.