Bakıda “Caspian European Club”un tərkibinə daxil olan turizm komitəsinin iclası keçirilib. Komitənin rəhbəri Elşən Rəhimovun sədrliyi ilə keçirilən toplantıda turizm şirkətlərinin rəhbərləri və nümayəndələri üzləşdikləri problemləri və onların həlli yollarını müzakirə ediblər.
İclasda irəli sürülən təkliflər “Caspian European Club”un hüquq komitəsi tərəfindən öyrənildikdən sonra müvafiq dövlət qurumuna göndəriləcək. Müzakirələrin yekunu olaraq dövlət qurumları ilə işçi qrup çərçivəsində hesabat və təkliflər paketi hazırlanacaq.
“Caspian European Club” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən iri neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un iştirakı ilə 2002-ci ildə yaradılıb. “Caspian European Club” yarandığı ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə kömək edir. Sıralarında beş mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 70 ölkəsini əhatə edir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır. “Caspian European Club” iki il ərzində “Caspian American Club” və “Caspian Asian Club”u idarə edəcək.