Fevralın 20-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) İctimai Elmlər Bölməsinin və Elm Tarixi İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti: tarixi retrospektivlik və müasirlik” mövzusunda elmi konfrans keçirilib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbirin Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 16 may tarixli sərəncamına əsasən təşkil olunduğunu söyləyib.
Akademik İ.Həbibbəyli Xalq Cümhuriyyəti dövründə baş verən proseslərdən, elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən islahat və quruculuq işlərindən danışıb. Vurğulanıb ki, keçmiş sovet hakimiyyəti illərində Cümhuriyyətin tarixi təhrif edilib, vacib məqamlar gizlədilib, tarix saxtalaşdırılıb. 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra cümhuriyyət tarixi ilə bağlı faktlar açıqlanıb, arxiv materialları aşkarlanıb. 1998-ci ildə ulu öndər Heydər Əliyevin Cümhuriyyətin 80-ci ildönümü ilə əlaqədar imzaladığı sərəncam bu işlərə yeni təkan verib. İ.Həbibbəyli Xalq Cümhuriyyətinin yalnız Azərbaycanın deyil, türk dünyasının, bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biri olduğunu vurğulayıb.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin qədim tarixi köklərə bağlı olduğunu söyləyib. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan səfir ölkələrimizin və xalqlarımızın bir-birinin yanında olduğunu söyləyib. Bildirilib ki, Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun və Azərbaycan Korpusunun Bakının erməni-bolşevik işğalından azad edilməsi tarixi bağları yaşadan ortaq qəhrəmanlıq salnaməsidir.
Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli “Azərbaycan təhsilində tarixi varislik” mövzusunda məruzə ilə çıxış edib, Cümhuriyyət dövründə elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən islahatlardan danışıb.
Konfrans məruzə və çıxışlarla davam edib.