Universitetin Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzi tərəfindən “Bakı Prosesi” barədə kitab hazırlanır
   
   Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin “Bakı Prosesi”nin 10 illiyinin qeyd olunması ilə bağlı 17 noyabr 2017-ci il tarixli sərəncamı ilə əlaqədar bu il müxtəlif ölkələrdə və tərəfdaş beynəlxalq təşkilatlarda təqdimatların keçirilməsi planlaşdırılır. Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə əsası qoyulmuş “Bakı Prosesi” ötən müddətdə mədəniyyətlərarası dialoqun qlobal platformasına çevrilib.   
   “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı Böyük Britaniyanın Koventri şəhərində səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Koventri Universitetinin “Qlobal liderlər” proqramı üzrə təhsil alan tələbələri ilə görüşüb. Tələbələr üçün Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü olan “Bakı Prosesi”nin təqdimatı keçirilib. 
   Bu qlobal təşəbbüsün tarixinə və əhəmiyyətinə həsr olunan film nümayiş etdirildikdən sonra Əbülfəs Qarayev Azərbaycan dövlətinin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq fəaliyyətləri, Bakıda 2011-ci ildən ənənəvi olaraq keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumları, ölkəmizin multikultural mühiti, tariximiz və mədəniyyətimiz barədə danışıb. 
   Daha sonra tələbələrin suallarını cavablandıran nazir gələcəkdə keçiriləcək tədbirlər haqqında məlumat verib.
   Səfər çərçivəsində Əbülfəs Qarayev Koventri Universitetinin vitse-kansleri və baş icraçısı Con Latamla görüşüb. Görüş zamanı universitetin Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzi ilə mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığın davam etdirilməsi, mərkəz tərəfindən “Bakı Prosesi” barədə xüsusi kitabın hazırlanması, habelə universitet ilə mədəniyyət, menecment sahələrində təhsil mübadiləsi və əməkdaşlığı barədə müzakirələr aparılıb. 
   Həmin gün Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzinin əməkdaşları olan elmi tədqiqatçılar üçün də “Bakı Prosesi” barədə seminar keçirilib və bu platformanın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Mərkəzin rəhbəri, professor Mayk Hardi Azərbaycan ilə mədəniyyətlərarası dialoq sahəsində birgə tədqiqat layihələrinin həyata keçirilməsinin planlaşdırıldığını qeyd edərək, gələcəkdə bu istiqamətdə əməkdaşlığın dərinləşməsində maraqlı olduqlarını bildirib.