İnsan doğulanda yağış kimi tərtəmiz olur, bəs niyə axıra kimi bu saflığını qoruya bilmir?
Bu günlərdə Kinematoqrafçılar İttifaqında “Ölüm növbəsi” filminin nümayişi oldu. Çoxdan bu yeni ekran əsərinə baxmaq istəyirdim. Getdim. Qaranlıq zalda oturan hər kəs maraqla filmin başlamasını gözləyirdi. Böyük yağış seli ilə başlayan ilk kadrlar artıq insanın düşüncəsində öz ab-havasını yaradır. İlk 5-10 dəqiqədə ssenari tamaşaçını intizarda qoysa da, bir azdan tam açılır.
Ssenaristin nə demək istədiyi artıq məlumdur. Əxlaq və mənəviyyatı əks etdirsə də, bu filmdə fərqlilik görürəm. Həyata baxış, bu günümüzə yanaşma fərqlidir. Son dövrlərdə çəkilən filmlərin sırasında, məncə, özünəməxsus yeri var. Bəzi mətbuat səhifələrində ssenarinin dünya filmləri ilə oxşarlığı barədə yazılara rast gəldim. Amma burada oxşarlıq təkcə “letargiya yuxusu” mövzusu ola bilər. Öz torpağının qədrini bilib qorumaq hər bir vətəndaşımızın borcudur. Torpaq içində torpaq satmaq... O qədər düşündürür ki insanı...Ssenari müəllifləri Fikrət Əliyev və İlqar Fəhmi bu məqamları çox təsirli veriblər. Qəbiristanlıqda ölüm növbəsinə düzülənlərin səhnəsində filmin baş qəhrəmanı Şamil ilə Bankə Məsmənin oğlunun dialoqunda bu özünü bir daha sübut edir. Uşağın söylədiyi: “Sən hələ yatmısan, yatmısan, yatmısan. Hamınız elə bilirsiniz ki, hər şeyi bilirsiniz, əslində sizin heç dünyadan da xəbəriniz yoxdur” söylədiyi anda müəllifin (İlqar Fəhmi)
“Yatmış həqiqətdə o kəs ki hələ sağdır
Gözlərini dünyayə yuman gündən oyaqdır”,
- fikrini xatırladım. Müəlliflər insan övladını bu dünyada nə üçün, nəyə görə yaşadığını anlamasını istəyir. Dramatik əhvalatlarla dolu olan filmdə cəmiyyətdə maddi cəhətdən çətinlik çəkən bir insanın müəyyən imkanlar əldə etdikdən sonra mənfi tərəfə dəyişən əxlaqı, mənəviyyatı bizi düşündürməməlidirmi?
Eyni zamanda bir məkanın əhalisinin məişəti, yaşam tərzi, mənəviyyatı nümayiş olunur burda. Ən başlıcası filmdə milli dəyərlərin qabarıq şəkildə büruzə verilməsidir. Burada cərəyan edən hadisələr təsvirdən çox sözlə ifadə olunur. Elə bu söz də filmin sanbalını qaldırır. “Sən yenə “Halal” marketində insanlara geydirmə araq satırsan?”. Yaxud “Bu məhəllədə bir hava çalınır, hərə də öz istədiyini oynayır”, “insan anadan olan gündən ölüm növbəsinə düzülür” kəlmələri günümüzün aktual problemlərini sözün qüdrəti ilə tamaşaçıya çatdırır. Bir də məhəbbət var bu filmdə. O məhəbbət ki, əsrlərlə insanları mübarizəyə sövq edib, qəlbləri param parça parçalayıb, amma heç zaman məğlub olmayıb.
“Ölüm növbəsi” filmi haqqında tanınmış kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Dadaşovun fikirləri də maraqlı oldu. Həmsöhbətim bunları söylədi: “Kino rejissorluğunda Fikrət Əliyevin öz yeri var. Bu baxımdan bir çoxlarının ona böyük hörməti var və mən də bu sıradanam. Çünki o, həmişə həqiqəti deyəndir və buna haqqı olan insanlardandır. Bu filmdə də həqiqətin gözünə dik baxıb. Fikrətin digər özəlliyi bundadır ki, məsələn, rejissorlar sənətə əvvəl rejissor köməkçisi, assistent və s. kimi gəlirlər, sonra başlayırlar film çəkməyə. Amma onun birinci ekran işi - “Baladadaşın ilk məhəbbəti” Azərbaycan kinosunda hadisə oldu. Fikrət Abşeron poetikasını kinoya gətirə bilmişdi. Onun filmlərini insan hiss edə bilir. “Ölüm növbəsi”ndə də belədir. Çəkdiyi filmlərdə rejissorun daxili azadlığı hiss olunur. Fərdi üslubda işləsə də, qoyulan problemə özünün dərdini qata bilir. Peşəkar üslubu da yüksək səviyyədə nümayiş etdirə bilirlər. Filmdə aktyorlarla işləmək qabiliyyəti də çox dəqiqdir.
Filmin iki ssenari müəllifi var. Fikrət Əliyevlə birlikdə çalışan İlqar Fəhmi mükəmməl qələmi olan yazıçıdır. Hadisələri içəridən görə bilir. Və məsələ burasındadır ki, ssenari müəlliflərinin hər ikisi eyni mühitin adamlarıdır. İlqar Fəhmi bu filmdə dövlətçiliyimizə əngəl olan, maneçilik törədən amilləri göstərir. O amillər sırasında, şübhəsiz ki, birinci yerdə vəzifəsinə biznes kimi baxan məmurlar, xurafat durur. Filmdə əsas problemlərdən biri də qaçqınlarla şəhərlilərin münasibətləridir. Burada elə obraz seçilib ki, bu insana düşdüyü vəziyyət sərf edir. Yəni bu insan öz vəziyyətindən sui-istifadə edərək digərlərinə problemlər yaradır. Əgər doğrudan da sosial sifarişdə belə bir problem varsa, bu bizim özümüz üçün böyük bir bəladır. Filmdə bir fabula - əsas dramaturji hadisə, bir də var süjet - səbəb nəticə əlaqələndirilməsi olur. Burada bəzən süjet fabulanı “yeyir”. Amma maraqlı filmdir və bu filmi ərsəyə gətirənləri təbrik edirəm”.
Sonda qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Sınaq film” prodüser mərkəzində lentə alınan “Ölüm növbəsi” filminin quruluşçu rejissoru Fikrət Əliyev, ssenari müəllifləri Fikrət Əliyev və İlqar Fəhmi, quruluşçu operatoru Rafiq Quliyevdir. Filmdə əsas rolları Şamil Süleymanov, Cahangir Novruzov, Abbas Qəhrəmanov və başqaları oynayır. İnanırıq ki, film geniş tamaşaçı kütləsi tərəfindən də böyük maraqla qəbul ediləcək.
Lalə Azəri