Yanvar ayı ərzində Azərbaycana dünyanın 138 ölkəsindən 186,2 min və ya ötən ilin eyni ayı ilə müqayisədə 16,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gələnlərin 30,7 faizi Rusiya Federasiyası, 24,5 faizi Gürcüstan, 13 faizi Türkiyə, 7,2 faizi İran, 4,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,2 faizi Ukrayna, 1,7 faizi İraq, 16,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər təşkil edib.
İran istisna olunmaqla, Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə olunub. Ötən ilin yanvar ayı ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,9 dəfə, Qətərdən gələnlərin sayı 2,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,6 dəfə, Oman vətəndaşlarının sayı 2,1 dəfə, Birləşmiş Ərəb Əmirlikləri və İraqdan gələn qonaqların sayı 1,5 dəfə artıb. İrandan gələnlərin sayında 5,3 faiz azalma müşahidə edilib. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 35,2 faiz artaraq 32,9 min nəfər olub.
Yanvarda Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7 faiz azalaraq 5,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,9 faiz artaraq 67,3 min nəfər olub.
Ötən ay ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 62 faizi dəmir yolu və avtomobil, 37,3 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib.
2017-ci ilin yanvar ayına nisbətən xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3 faiz azalaraq 299,3 min nəfər olub. Ölkə vətəndaşlarının 32,6 faizi Gürcüstana, 23,8 faizi İrana, 23,4 faizi Rusiya Federasiyasına, 12,5 faizi Türkiyəyə, 1,9 faizi Ukraynaya, 1,5 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 4,3 faizi isə digər ölkələrə səfər edib.