Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması bu ilin sonunadək başlaya bilər. Bu sözləri Avstriyanın paytaxtı Vyanada səfərdə olan “Azərbaycan Dəmir Yolları“ QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, bunun üçün texniki şərtlər ödənilməlidir. Azərbaycan ərazisində dəmir yolunun iz ölçüləri 1520 mm, Türkiyə ərazisində isə 1435 mm-ə bərabərdir. Bir ölçüdən digərinə keçid üçün təkər cütlüklərinin dəyişdirilməsi və yaxud bu prosesin avtomatlaşdırılmış qaydada həyata keçirilməsi tələb olunur.
“Azərbaycan Dəmir Yolları“ QSC-nin sədri bildirib ki, artıq İsveçrənin “Stadler” şirkətinə bu tələbə uyğun vaqonların hazırlanması üçün sifariş verilib. Yalnız bundan sonra bir ölkə ərazisindən digərinə keçərkən qatarların hərəkəti təkərlərin dəyişdirilməsi üçün vaxt itkisinə yol vermədən və bir ölçüdən digərinə keçid olmadan həyata keçirilə bilər. Eyni zamanda sərnişin daşınması üçün yeni tipli vaqonlara ehtiyac var. Həmin vaqonlar da “Stadler” şirkətinə sifariş edilib və vaqonların təhvil verilməsi yəqin ki, gələn ilin may ayına qədər çəkə bilər.