Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərindəki beynəlxalq aeroport Azərbaycan, Gürcüstan və Qırğızıstana müntəzəm reyslər təşkil etmək üçün bir neçə aviadaşıyıcı ilə danışıqlar aparır.
Aeroportun mətbuat xidmətinin məlumatına görə, Azərbaycan, Gürcüstan və Qırğızıstana birbaşa reyslər açmaq planlaşdırılır. “Mahaçqala Beynəlxalq Aeroportu” Səhmdar Cəmiyyətinin baş direktoru Arsen Pirmaqomedov deyib: “Biz respublikamızla ənənəvi olaraq Dağıstan xalqlarının və qonşu respublikaların diasporunun yaşadığı, Dağıstan ilə işgüzar əlaqələrdə və qarşılıqlı iqtisadi münasibətlərdə maraqlı olan Azərbaycan, Gürcüstan və Qırğızıstan arasında hava əlaqəsi yaratmaq istəyirik”.
Hazırda Mahaçqaladan xaricə üç istiqamətdə - Qazaxıstan, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə reyslər həyata keçirilir.