“Bu faciənin heç vaxt təkrarlanmaması üçün Azərbaycan daha güclü olmalıdır” 
   
   “Bu gün Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biridir. Bu günü Azərbaycan xalqı həmişə yadda saxlayacaq və heç vaxt unutmayacaq”.
   Prezident İlham Əliyev bu sözləri fevralın 26-da Xocalı soyqırımının 26-cı ildönümündə Bakıda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin ziyarəti zamanı “Rossiya-24” telekanalına müsahibəsində deyib.   
   Dövlət başçısı bildirib ki, Ermənistanın 26 il əvvəl Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində 613 dinc sakin öldürülüb, onlardan 106-sı qadın, 63-ü uşaqdır. 1200-dən çox dinc sakin əsir düşüb və işgəncələrə məruz qalıb, 500-ə qədər insan əlil olub, 150 dinc sakin barədə isə heç bir məlumat yoxdur. Onlar itkin düşmüş sayılırlar, amma onların öldürüldüyü ehtimalı daha çoxdur: “Həmin müdhiş gün, həmin qanlı faciə barədə çox sayda video, foto materiallar, möcüzə nəticəsində sağ qalmış insanların şahidliyi var. Bu, erməni faşizminin təzahürü idi. Bu, vəhşiliyin təzahürü idi”.
   Prezident deyib ki, bu gün bütün dünyada “Xocalıya ədalət!” kampaniyası genişlənir: “Bu günlər dünyanın bir çox ölkələrində matəm tədbirləri keçirilir. Azərbaycanın diaspor təşkilatları, ictimaiyyət dəyirmi masalar, sərgilər keçirir. Bütün foto və video sənədlər bu böyük faciə haqqında şahidlik edir. Biz bunu xatırlayırıq. Bunu heç vaxt unutmayacağıq. Bu faciənin heç vaxt təkrarlanmaması üçün Azərbaycan daha güclü olmalıdır. Siz mənim bu matəm gününü hansı hisslərlə qarşıladığımı soruşdunuz - hər bir azərbaycanlının keçirdiyi hisslərlə, günahsız öldürülənlərə görə dərd, kədər, qurbanlara görə ağrı hissi, eyni zamanda, ölkəmizi möhkəmləndirmək qətiyyəti ilə. Azərbaycan xalqının gələcəkdə heç vaxt belə faciə ilə üzləşməməsi üçün ölkəmizin iqtisadi, hərbi potensialını möhkəmləndirməliyik”.
   Qeyd edək ki, fevralın 26-da dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, dini konfessiyaların başçıları ilə bərabər Azərbaycan paytaxtının minlərlə sakini Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Mərasimə 26 il əvvəl qırğından xilas ola bilmiş Xocalı sakinləri də qatılıb.
   Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib. Birinci vitse-prezident Mehriban Əliyeva, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev abidənin önünə gül dəstələri qoyublar. Anım mərasiminin iştirakçıları abidənin önünə tər güllər düzüblər.
   Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa əsasən Xocalı faciəsinin məhz soyqırımı olduğunu təsdiq edir.
   Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras və digər ölkələrin parlamentləri, eləcə də ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb. 
   Xalqımız qəti əmindir ki, ədalət mütləq yerini tutacaq, Xocalı soyqırımını törədənlər layiqli cəzalarını alacaqlar, şəhidlərimizin qanı yerdə qalmayacaq.