Bakıdakı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar “Xocalı-rekviyem” adlı tədbir keçirilib.
Musiqi nəzəriyyəsi şöbəsinin müəllimi, musiqişünas Pərvin Səfərlinin təşkil etdiyi tədbir məktəb şagirdlərinin ifasında “Mən Xocalıyam” adlı kompozisiya ilə başlayıb. Kompozisiyada o gecə baş verən dəhşətlər, Xocalının həsrət yanğısı, qətl edilmiş, əsir və itkin düşmüş soydaşlarımız haqqında məlumatlar simvolik olaraq Xocalının öz dilindən səslənib.
Anım tədbirində A.Babayevin “Ləpələr” mahnısı, F.Sücəddinovun “Vətən” balladası, A.Şnitkenin “Qədim üslubda süita” əsərləri ifa olunub. Z.Yaqubun “Xocalım, ay Xocalım” şeirindən parça səslənib.
Tədbirdə 2013-cü ildə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə Çexiyanın paytaxtı Praqada keçirilən tədbirin - “Kədər küləkləri” adlı instalyasiyanın görüntüləri, məktəb şagirdlərinin Xocalı faciəsinə həsr olunmuş rəsmləri də nümayiş olunub.