İlk üç yerin sahibləri “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalında iştirak hüququ qazanıblar
   
   Azərbaycan Milli Konservatoriyasında fevralın 19-da start götürən xanəndə və instrumental ifaçılıq üzrə V Respublika Muğam Müsabiqəsinə yekun vurulub. Ənənəvi müsabiqə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi, Təhsil Nazirliyi və Milli Konservatoriyanın təşkilatçılığı ilə keçirilib. 
   Fevralın 23-də Milli Konservatoriyada müsabiqənin yekun konserti və qaliblərin mükafatlandırma mərasimi olub.
   Təhsil nazirinin müavini Firudin Qurbanov və konservatoriyanın rektoru Siyavuş Kərimi çıxış edərək iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıblar. Qeyd olunub ki, müsabiqədə ilk üç yeri tutan iştirakçılar martın 7-dən 14-dək keçiriləcək “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalında iştirak etmək hüququ qazanıblar.
   Diqqətə çatdırılıb ki, dinləyicilər üçün açıq şəraitdə keçirilən müsabiqənin ikinci turunda 21 iştirakçı yarışıb. Münsiflər heyəti xanəndəlik və instrumental muğam ifaçılığında iştirakçıların çıxışlarını dinləyərək hər iki istiqamət üzrə mükafatçıları müəyyən edib.
   Müsabiqədə xanəndəlik nominasiyası üzrə birinci yerə Almaxanım Əhmədli və Nisbət Sədrayeva, ikinci yerə Pərviz Qasımov və Səma Sultanova, üçüncü yerə isə Gülnar Qüdrətli və Elsevər Muradov layiq görülüblər. İnstrumental muğam ifaçılığı nominasiyası üzrə birinci yeri Nurlan Cəbizadə və Elnur Mikayılov, ikinci yeri Mircavid Cəfərov və Ələfsər Rəhimov, üçüncü yeri Arifə İmanova və İsmayıl Zülfüqarov qazanıb.
   Uğurlu çıxışlarına görə ikinci turun digər iştirakçıları isə diplomla təltif olunublar. 
   Sonda birinci yerə layiq görülən iştirakçıların ifasında konsert proqramı təqdim edilib.
   
   Lalə