Hər bir xalqın dili, adət-ənənəsi, mədəni irsi onu dünyada tanıdan zənginlikdir. Azərbaycan xalqının çoxəsrlik mədəni irsi, ana dilimiz bizim böyük sərvətimizdir və onu yaşatmaq, təbliğ etmək hər bir soydaşımızın borcudur. Çünki millət öz dilinə, mədəniyyətinə sahib çıxmasa, milli kimliyini, varlığını sübut edə bilməz. Həmvətənlərimiz harada yaşamalarından asılı olmayaraq bu yolda daim birlik, həmrəylik nümayiş etdirməlidirlər.
   Bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində fəaliyyət göstərən “International School of Choueifat” tədris mərkəzində təşkil edilən “Beynəlxalq gün” (International Day) adlı tədbir də orada yaşayan soydaşlarımızın bu sahədə mütəşəkkilliyinin bir örnəyi olub. 
   Məlumat üçün bildirək ki, SABIS (Qlobal Təhsil Şəbəkəsi) təhsil sistemi əsasında fəaliyyət göstərən bu məktəbdə 30-dan çox ölkədən şagirdlər təhsil alır. Onların arasında otuza yaxın azərbaycanlı da var. Həmin tədbirdə onların ailələri də yaxından iştirak edib. Azərbaycanlı şagirdlərin valideynləri adət və ənənələrimizi, zəngin mətbəx mədəniyyətimizi yüksək səviyyədə təqdim ediblər. 
   Azərbaycanın Dubaydakı baş konsulluğunun əməkdaşı Tural Hüseynov ölkəmizin tarix və mədəniyyəti haqqında ərəb və ingilis dillərində müxtəlif çap məhsullarını tədbirin qonaqlarına təqdim edib. Həmçinin uzun illərdir ailəsi ilə BƏƏ-də yaşayan Rəna Xəlilova, Kamilla Nabati və başqa soydaşlarımız ölkəmizin mədəni zənginliklərinin təbliğində zəhmətlərini əsirgəməyiblər. Tədbir iştirakçıları xalqımızın adət-ənənələrinə, xüsusilə milli mətbəx nümunələrinə böyük maraq göstəriblər.