Yaranışdan bəri dünyanın ictimai-siyasi, mədəni-mənəvi mizan-düzənində aparıcı rol oynamış etno-etiketlərimizdən olan “Xan”-“Xaqan” daşıyıcımız...
Bu ad-imicin var olduğu yerlərdə tarixən ictimai idarəçilik, inzibatçılıq, dövlətçilik olmuş. Bu terminlərin işlənib-dinlənildiyi, yazılıb-oxunduğu məqamlarda ictimai məsuliyyət, məşğuliyyət, etno-fəxarət, ellik hücum-müdafiə, qələbə, əlahəzrəti qeyz-qəzəb, əfv-kərəm, daha nələr-nələr yaşanıb.
Tarixin bəsirət gözü bu ad-məqamlılarla bağlı çox möhtəşəm yaşantılar görmüş, haqq-ədalət sədasına laqeyd qulağısa, “Qılınc qımıldansa, düşmən mızıldanmaz” kimi sırğalar taxmış...
O sırğa-tutarğalar içərisində ən müasir deyimlərdən biri də bu: “Sən bugünkü məzlum görkəmində də qəhrəman-qorxuncsan, ey Türk!”
Tarixən bütün xalqlar və dinlərin hamisi kimi çıxış etməyi özünə Tanrı-bəndəvi bir borc bilən, ədalət naminə etdiyi qanlı savaşı belə savab sayan bu bəşər qövmü hürr-dürr Cahan hakimiyyəti idealına tapınmış, zaman-zaman doğduğu başçılar isə bu missiyanı reallaşdırmağa çalışmışlar.
Bu “kiçik” yazıda bəhs olunan böyük ZAT isə, mənsub olduğu qövmi-milliyyətin başlanğıcından üzübəri şərəfli tarix yaratmış (təəssüf ki, müqabilincə yazmamış...) Xan-Xaqanlar pleyadasının ilki, hələ də zirvədəkisi və öz etno-şəcərəsinin adını daşıyan -
OĞUZ!..
Bu, əksər tədqiqatlara görə, babalarımızın ilk dəst-dəstələrinin “oxlar-boylar-soylar” birliyi olub; sözügedən terminin Çin dilində “qəbilələr” kimi verilməsi də bu baxışı dəstəkləyir.
Öz təşəkkül-təsisatları dövründə əcnəbi çevrələri tərəfindən sıxışdırılan Oğuzlar ayrı-ayrı boylar şəklində birləşərək “doqquz oğuz”, “on oğuz” və daha artımlı tərkibdə ittifaqlıq ediblər. A.M.Kaya “Avşar türkmənləri” kitabında “Elxanlılar zamanı uyğurca yazılmış “Oğuz Kağan” dastanında “ilk süd” anlamına gələn “ağız” kimi yazıldığı üçün “oğuz”un bu mənaya gəldiyini düşünənlər olmuş” deyib, J.Marquart “oğuz” kəlməsini ok(ox)üz kimi təfsir edib, D.Sinor “oğuz”u “öküz” sözünün assimiləsi kimi verib, J.Hamilton “oğuz”un “oguş” (“doğuş”)dan doğulması qənaətinə gəlib və s. Bütün bunların “ən doğru olanı” isə G.Nemet tərəfindən irəli sürülən “görüş” (“ok”-“oymak”) hesab edilir.
Bu qədər xəlqi-folklorik var-gəlliklərə, elmi variasiyalılıqlara baxmayaraq, öz ilkin-doğal anlam “kamına” yetə bilməyən bu ifadə - “OĞUZ”, tarixin çox hekayət-nəhayətlərindən sonra, ulu Türkün əfsanəvi babasının (bu “əfsanəvi”lik onun öz möhtəşəmliyilə bəzən, hətta reallıq çərçivəsinə sığışmaması ilə də ilgili!) - ilk türk dövləti qurucusunun adı ilə möhürlənir: -
Oğuz Xaqan!..
Bəs, son illər tez-tez “ümumtürk dünyası” deyə öygüləndiyimiz həşəmətli Turan boylarının bu müştərək babasını nədən məlum “70 il” boyu heç tanımadıq, indilər ona bu qədər az yovuyur, az-çox bələdçilikdən sonra isə kütləvi təbliğ-təşviqindən vaz keçirik?..
Bu Qılınc-Xaqanın sonrakı minilliklər boyuncakı Qələm səviyyə-əqidədaşlarından olan - bəhs etdiyimiz mövzu ilə ilgili obrazlaşdırdığı yüzlərlə hikmətdən birini də “Ay “Türk” adını elan üçün bir səmavi aynadır, Türkün tarixi həm yerdə, həm Göylərdədir” kimi ifadə edən Hüseyn Cavid əfəndimiz isə deyirdi:
Bir millətin tarixidir kökü, yurdu, yuvası
Tariximiz baş ucundan hərgiz əskik olmasın...
Bədii əsərlər adətən, cəzbedici təbiət və eşq-məhəbbət “təsvir”lərilə başlanır, bu sayaq yazılardasa siyasət və cəmiyyət “təsvir-təsəvvür”ləri gərəkir. Demək, yuxarıdakı (türk xalqlarının öz müştərək babalarını dövri olaraq təbliğ-təşviq etməməsilə bağlı) sualı qulaqlarımızın “çəkic-zindan”ında bir daha səsləndirək və deyək ki, bəzi tədqiqatçılar bunun “tarixi-müqəddəm” səbəbini yalnız “qələmi özümüzdən” olan sovet tarixçilərinin bolşevizm darğalıqlarında görür. Olsun. Amma XIV əsr tarixçisi Rəşidəddin qədim oğuznamələr əsasında tərtib etdiyi “Came ət-təvarix” əsərinin “Tarixi-Oğuzan və Turkan” adlı ikinci hissəsində səslənirdi ki: “...Oğuz Xan Göyçədən Xəzər Dərbəndi üzərinə köç etdi... Şirvana və Şamaxıya elçi göndərdi. Arana və Muğana hərəkət etdi, Savalana çatdı... Yaylaqda olduqları zaman - türkcə ilk yarısı (“Azər”) yüksək, ikinci hissəsi (“Baynan”) zənginlərin və uluların məkanı anlamında olan Azərbaycan vilayəti də daxil olmaqla, bu tərəflərdəki ölkələri ələ keçirib, ədalətli hakimliyə başladı”. XVI-XVII əsr tarixçilərindən Ə.Tehrani və X.Əbülqazi də “Şəcərəyi-tərakimə”, “Kitabi-Diyarbəkriyyə” adlı əsərlərində Oğuz xanın İraqı, Suriyanı fəth etməsindən, döyüşlərdə fərqlənənlərə ad və qeyri-adi mükafatlar verməsindən maraqlı epizodlar verirlər. Əbülqazinin məlumatına və görkəmli rus şərqşünası N.Y.Biçurinin (XIX əsr) tədqiqatına görə, Oğuz xan Məhəmməd peyğəmbərdən 4000 il əvvəl (eramızdan əvvəl IV minilliyin sonlarında) yaşayıb və onun qəbrinin Göyçə gölü yaxınlığında olduğu söylənir.
Hələ onunla bağlı (və bugünümüzün hər tür ab-havası ilə səsləşən) tayfa, toponim, ad-soyad və digər elementlər: Sağ qol “Bozok”, Sol qol “Üçok”, soyağacına daxil Ulduz xan, Avşar, Qızıq, Bəydili, Qarğın, Ay xan, Gün xan, Dəniz xan, Dağ xan, Göy xan, Ulduz xan, İğdır, Yıva, Bayat, Qaraevli, Alaevli...
Yazımın həcm-əndazəsilə bağlı çox cüzisinə toxunduğum bu kimi tarixi örnək-düymələr, xüsusilə bu xanın ən azı Azərbaycan, İran, İraq, Suriya ərazilərini əhatə edən geniş bir arealda hökmdarlıq etməsi - onun real tarixi şəxsiyyət olmasını sübutlamırmı? Yuxarıda adlarını çəkmək istəmədiyimiz sovet tarixçiləri və davamçıları isə bu böyük tarixi varlığı ən yaxşı halda “mifik”ləşdirir, Azərbaycan tarixini “tərsinə dövran etdirir”, türk dövlətlərini fars, ərəb, yunan dövlətləri arasındakı müharibələrin gedişi “prosesində” personaj-peyda olaraq - epizodik etno-rolla kifayətlənən toplumlar kimi “stilizə-xarakterizə” edirdilər...
Vacibatdan bu qədər geniş (və az qala “elmi-konfrans”vari) qeydlərdən sonra keçək bu ilk dövlətçi-qurucu XANımızın -
Haqq-halal VƏSFinə...
Bəri başdan vurğulayım ki, bu an cari mətləbə işləməkdə olan “My komputer” nə qədər çalışsa da, bu “Fateh Ata”nın vəsfi haqda tarix Qələminin yazdığının mində birini verə bilməz. Bu vəsf qədim türklərin tarixi fəthlərini əks etdirən mənbə (elmi ədəbiyyatda “Oğuznamə” kimi tanınan, lakin tək elə “dastan”i deyil, həm də “xas”dani qəbilli) “Oğuz Xaqan” dastanıdır. Qeyd etməliyik ki, Oğuz Xaqanın məram-məqsəd yoluna da, mənsub olduğu etnosun tarixi gəlişatında mühüm rol oynayan Boz Qurd bələdçilik edib. Qoca tarixin hələ gündəlik yazı-pozuya alışmadığı, elm-tədqiqat kürsüsünə oturuşmadığı bir dövrünün toplumları içərisində bənzərsiz FƏRD hadisəsi olan, zaman keçdikcə, Orta əsr mənbələrindən bir çoxunun (xüsusən, fars və tacik əlyazmalarının) “Əfrasiyab”a və ya “Alp Ər Tonqa”ya “tpansfer”ləşdirildiyi bu Xaqan isə öz çoxqollu qövmünə mənəviyyatca zəngin, məsafəcə sonsuz bir Yol göstərmişdir. Öz məşhur “Şahnamə”sində Əfrasiyabın (Oğuz Xaqanın) “bir çox ölkələrlə yanaşı, Hindistanı da fəth etdiyini” nəzmə çəkən Firdovsi, milli kökəni üstündən sükutla keçməyə çalışdığı bu türkün çox az bir müddətdə oralarda da neçə-neçə şəhərlər salması, öz qeyri-adi keyfiyyətlərilə cahana neçə-neçə “əfsanəvi xatirələr buraxdığını” xüsusi poetik duyğularla bəyan edir. Bu Xaqanın əcnəbi şair və tədqiqatçılarının qələmlərindən yayınmış keyfiyyətləri isə yalnız poetik-filoloji yox, həm də milli-əməli duyğular hədəfi! Bu Xaqan özündən yaranan və haçansa yadırğanıb-“yad”laşası tayfalar arasındakı “hər ağızdan bir avaz”a son qoymuş, altı oğlundan (Göy, Gün, Ay, Ulduz, Dağ, Dəniz xanlar) törəyən Oğuz boylarını Qarluq, Qıpçaq, Xələc, Kanqlı, Uyğur və digər bölümlərə ayıraraq, uzun əsrlər boyu çat verməyən hüquqi-mənəvi münasibətlər sistemi yaratmışdır. Yeri gəlmişkən vurğulayaq ki, onun qurduğu bu “poladdan möhkəm, çiçəkdən zərif” sistemə sonrakı əksər Türk İmperatorluqları (Hunlar, Səlcuqlular, Çingizoğulları, Osmanlılar, Teymuroğulları və b.) da əməl etmişlər.
Tarixi qaynaqlar Oğuz Xaqanın ikinci “ad”lanışı (Alp Ər Tonqa) altında da çox möhtəşəmliklərindən bəhs edir, onun Türküstan, İran, Hindistan, Rusiya məmləkətlərində də bir çox şəhərlər salmasını, o ölkələrin gələcək mədəniyyət-mənəviyyat kurallarına ərməğan etdiyi əzəli-əbədi formullardan danışırlar. Mahmud Kaşğarlıya görə; “Əlp Ər Tonqanın (Oğuz Xaqanın) qızı Qaz hər yayı atasının ram etdiyi ölkələrdən birində keçirər”, M.Zehtabiyə görə isə; “Həmin şəhərlərdən biri sonralar “Qazvin” (Qəzvin) adlandırılıb”. Adlarını çəkməyi vacib hesab etmədiyim digər mənbələr bunu da bəyan edir ki, bir sıra məxəzlərdə “Şiz”, “Gənzək”, “Gəncək” kimi göstərilən Gəncə şəhərinin binasını da Alp Ər Tonqa qoyub. Bəzi müəlliflər isə bizim məşhur qadın hökmdarımız Tomrisin Alp Ər Tonqanın (Oğuz Xaqanın) qızı olduğunu vurğulayır.
Min il bundan əvvəlin ərəb tarixçisi Məsudinin qələmindən çıxan sətirlər isə dostlarımızçün əsl ədalət, düşmənlərimizçünsə məlamət qılıncı kimi səslənir: “Türklərin ən qədim hökmdarı Əfrasiyab (Oğuz Xaqan) Xaqanlar Xaqanı olub, bütün türk ölkələrinə, İrana, neçə-neçə uzaq məmləkətlərə hakim idi...”
Bütün bunlardan -
Ulu Türkün bu ən qədim yüksəliş ehtişamından sonra, ən müasir Qarabağ enişinin tezliklə durdurulacağı inamımıza Tanrı qüvvət versin!..
Tahir Abbaslı