Xalq artisti Kamil Cəlilovun 80 illik yubileyi keçirildi
Martın 1-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, tanınmış qoboy ifaçısı Kamil Cəlilovun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, tanınmış mədəniyyət, incəsənət xadimləri, sənətsevərlər iştirak edirdi.
Yubiley gecəsində çıxış edən Ədalət Vəliyev görkəmli ifaçının sənət yolu haqqında danışdı. Qeyd etdi ki, Kamil Cəlilov Azərbaycan milli ifaçılıq məktəbinin istedadlı nümayəndəsi, özünəməxsus orijinal üslubu olan mahir qoboy ifaçısıdır. Sənətçi öz istedadı və zəhmətsevərliyi sayəsində xalq musiqisi incilərini dərindən öyrənib, ifaçılıq məharəti ilə milli musiqimizi zənginləşdirib. İstedadlı musiqiçi 1968-ci ildən başlayaraq uzun illər Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın yaratdığı “Dan ulduzu” ansamblının solisti olub, kollektivlə birgə müxtəlif ölkələrdə milli musiqi sənətimizin təbliğində xidmətlər göstərib.
Nazir müavini vurğuladı ki, Kamil Cəlilov uzun illər pedaqoji fəaliyyətlə məşğul olaraq gənc ifaçıların yetişməsinə böyük zəhmət sərf edib. Qeyd olundu ki, Kamil Cəlilovun sənət fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, o, 2000-ci ildə Xalq artisti fəxri adına layiq görülüb, 2013-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub, Prezident təqaüdçüsüdür. Prezident İlham Əliyevin 2 fevral 2018-ci il tarixli sərəncamı ilə Kamil Cəlilov Azərbaycan musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.
Ədalət Vəliyev daha sonra Kamil Cəlilova "Şərəf" ordenini təqdim etdi. Bir daha yubilyara öz təbriklərini çatdıraraq möhkəm cansağlığı arzu etdi.
Mərasimdə Kamil Cəlilovun həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Tədbirin aparıcısı, Əməkdar incəsənət xadimi Hafiz Quliyev bildirdi ki, Kamil Cəlil oğlu Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində anadan olub. 1 saylı musiqi məktəbində oxuyub. Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirdikdən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) ali təhsil alıb. Beləliklə, Azərbaycan musiqi ifaçılığı tarixində yeni bir səhifə - Kamil Cəlilov sənətkarlığı mərhələsi başlanır.
Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova, akademik Vasim Məmmədəliyev və başqaları çıxış edərək Kamil Cəlilovun yaradıcılığı haqqında danışdılar.
Sonda çıxış edən yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirdi.
Yubiley gecəsi konsert proqramı ilə davam etdi. Azərbaycan Dövlət Akademik Filarmoniyası Xalq çalğı alətləri ansamblının müşayiəti ilə bəstəkar və xalq mahnıları ifa olundu.
Fariz Hüseynov