Azərbaycan Milli Konservatoriyasında görkəmli bəstəkar, Xalq artisti Cahangir Cahangirovun xatirəsinə həsr edilmiş klassik musiqi gecəsi keçirilib. Tədbir Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondu ilə birgə təşkil olunub.
Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, ittifaqın icraçı katibi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək Cahangir Cahangirovun yaradıcılığından söz açıblar. Bəstəkarın Azərbaycan kinosuna bəxş etdiyi bənzərsiz əsərlərindən bəhs olunub.
Tədbirdə bəstəkarın repertuarından sevilən mahnılar və filmlər üçün yazdığı musiqilər səsləndirilib.