Avropa İttifaqının maliyyələşdirdiyi “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” Tvinninq layihəsi çərçivəsində Bakıya gələn italiyalı qonaqlar, Florensiyanın Mus.E Assosiasiyasının nümayəndələri Andrea Bianki və Valentina Zukki Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyini ziyarət ediblər.
Direktor Şeyla Heydərova qonaqlara muzey barədə məlumat verib, M.Rostropoviçin İtaliya ilə əlaqələrinə dair materialları diqqətə çatdırıb. Qeyd olunub ki, maestro həm ifaçı, həm də dirijor kimi İtaliyada dəfələrlə konsertlər verib, bu ölkənin bir çox orden və mükafatları ilə təltif olunub.
Ekspozisiya ilə maraqla tanış olan qonaqlar muzeyin rəy kitabına ürək sözlərini yazıblar.
* * *
Fevralın 28-də isə muzeydə məşhur violonçel ifaçısı Leopold Rostropoviçin (1892-1942) anadan olmasının 126-cı ildönümünə həsr edilmiş tədbir təşkil olunub.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Ş.Heydərova Leopold Rostropoviçin həyat və yaradıcılığının Bakı dövründən danışıb. Qeyd edilib ki, L.Rostropoviç 1914-cü ilin yayından 1916-cı ilə qədər Bakıda yaşayıb, daha sonra isə 1925-1931-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.
Sonra Rostropoviçlər adına 21 nömrəli Uşaq musiqi məktəbinin və Bülbül adına Orta ixtisas musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.