Milli Kitabxanada dəyirmi masa keçirilib
   
   Fevralın 28-də Azərbaycan Milli Kitabxanasında “Tədris və akademik kommunikasiyanın təminatında elmi nəşrlər və kitabxanaların rolu: beynəlxalq standartlar və UNEC təcrübəsi” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.
   Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək informasiya texnologiyalarının inkişafı ilə əlaqədar kitabxanaların cəmiyyətin həyatında oynadığı roldan danışıb. Bildirib ki, bu gün kitabxanaların əsas missiyası elmə, mədəniyyətə, sənətə xidmət etmək, elmin, zəkanın məhsulunu toplayıb gələcək nəsillərə çatdırmaqdır. “Açıq kitabxana” layihəsindən söhbət açan direktor qeyd edib ki, bu layihə oxucuların və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradır. 
   Azərbaycan Dövlət İqtisad Universitetinin Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov tədris və akademik kommunikasiyanın təminatında elmi nəşrlər və kitabxanaların əhəmiyyətindən danışıb. O, universitetdə 2018-ci ilin “Elmi tədqiqat ili” elan olunduğunu qeyd edərək ölkəmizdə milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi ilə daha səmərəli ali təhsil sisteminin formalaşdırılması prosesinə başlandığını bildirib. Bu istiqamətdə paralel olaraq təhsil sistemində mövcud standartların modernləşdirilməsi və beynəlxalq səviyyəyə uyğun şəkildə qurulması əhəmiyyət kəsb edir.
   Universitetin Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov çıxışında gənclərin mütaliəyə marağının artırılması istiqamətində həyata keçirilən layihələrdən danışıb.
   Milli Kitabxananın direktor müavini Mələk Hacıyeva universitetin əməkdaşları tərəfindən çap olunmuş kitabların Milli Kitabxanaya verilməsinə diqqəti çəkərək bu məsələdə köməklik göstərməyi xahiş edib. 
   UNEC nəşriyyatının müdiri Kamil Hüseynov çap olunan kitabların vaxtında kitabxanaya göndərildiyini, universitetin alimlərin başqa nəşriyyatlarda işıq üzü görən kitablarının da kitabxanaya göndərilməsi üçün köməklik göstərəcəklərini qeyd edib. Kərim Tahirov müəlliflərin öz kitablarının Milli Kitabxanaya təqdim etməkdə maraqlı olduqlarını deyib, eyni zamanda bu sahədə müvafiq qanunvericiliyin tələbini də diqqətə çatdırıb.
   Tədbir müzakirələrlə davam edib. Sonda iştirakçılar universitetin əməkdaşlarının elmi nəşrlərindən ibarət ədəbiyyatları, habelə Milli Kitabxananın nəşrlərini əks etdirən kitab sərgisi ilə tanış olublar.